18 C
Baku
Wednesday, November 19, 2025

Qazaxıstanın Azərbaycanın buğda bazarındakı payı 66%-ə yüksəlib

Son illərdə Azərbaycan və Qazaxıstan arasında siyasi və iqtisadi əlaqələrin intensivləşməsi ölkənin buğda idxalı bazarındakı tədarük mənbəsini dəyişdirib.

Banker.az xəbər verir ki, 2025-ci ilin ilk üç rübündə Azərbaycana 867 min ton həcmdə, 186 milyon dollar dəyərində yumşaq buğda idxal edilib. Bu, 2024-cü ilin analoji dövrü ilə müqayisədə təxminən 111 min ton və 21 milyon dollar daha çoxdur.

Son məlumatlara görə ilk üç rübdəki buğda idxalında Qazaxıstanın payı 66%-ə yüksəlib. Bu ölkədən 572 min ton (təxminən 122 milyon dollar) həcmində qida üçün nəzərdə tutulan yumşaq buğda gətirilib.

Bununla belə, yüklər Azərbaycana Rusiyanın üzərindən göndərilib. Belə ki, 2025-ci ilin iyulunda Qazaxıstanın Dəmiryol şirkəti (KTZ) bildirmişdi ki, 500 min tondan çox taxıl Rusiyanın ərazisi vasitəsilə dəmir yolu ilə Qazaxıstandan Azərbaycana göndərilib. KTZ-nin məlumatına əsasən, ilk yarımildə Qazaxıstandan Mərkəzi Asiya ölkələrinə dəmir yolu ilə 2,6 milyon ton taxıl göndərilib ki, bu da ötən illə müqayisədə 31% çoxdur.

Rusiya üzrə isə kəskin azalma müşahidə edilib. 2024-cü ildə yumşaq buğda idxalının demək olar ki, tamamı — 756 min ton — Rusiyanın payına düşürdü. Lakin 2025-ci ildə bu rəqəm 295 min tona qədər enib. Rusiyanın ümumi idxaldakı payı bir ildə 100 faizdən 34 faizə düşüb.

Orta idxal qiyməti isə illik müqayisədə azalıb. 2025-ci ildə bir ton yumşaq buğdanın orta qiyməti 214 dollar təşkil edib. Bu göstərici 2024-cü ildə 219 dollar idi. Beləliklə, ton başına qiymət təxminən 2,5 faiz ucuzlaşıb.

Əlavə olaraq, Qazaxıstanın Azərbaycan üzərindən digər ölkələrə də ixrac imkanları yaranıb. Məsələn, Ermənistanın iqtisadiyyat naziri Qevorq Papoyan bildirib ki, Azərbaycandan tranzitlə ölkəsinə gətirilən Qazaxıstan buğdasından hazırlanan çörəyi birinci dadmağa hazırdır.

Daha əvvəl məlumat verilmişdi ki, Qazaxıstan taxılı ilə yüklənmiş qatar Qazaxıstan, Rusiya, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Ermənistana çatıb. Təxminən 1 000 ton dördüncü sinif buğda çatdırılmışdı.

Təchizat Azərbaycanın tranzit yük daşımalarına qoyduğu məhdudiyyətləri aradan qaldırması sayəsində mümkün olub.

Son xəbərlər
Digər xəbərlər