Qazaxıstanın bütün ərazisində fövqəladə vəziyyət tətbiq edilib. Xatırladaq ki, daha əvvəl xüsusi rejim yalnız müəyyən şəhər və regionlarda fəaliyyət göstərib: Nur-Sultan, Almatı, Almatı və Manqistau vilayətləri. Qeyd edək ki, fövqəladə vəziyyət kütləvi toplaşmalara qadağa, komendant saatı və yaşayış məntəqələrinə giriş-çıxışa məhdudiyyətlər nəzərdə tutur.
Banker.az xəbər verir ki, yanvarın 2-dən Qazaxıstanda kütləvi etirazlar dayanmır. Yanacağın kəskin bahalaşması ilə əlaqədar ölkənin qərbində icazəsiz aksiyalar başlayıb, daha sonra hadisələr digər regionlara da yayılıb.
Yanvarın 5-nə keçən gecə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev yaranmış vəziyyətə görə günahlandırdığı hökuməti istefaya göndərib. Çərşənbə günü xalqa müraciətində o, yanvarın 5-dən ölkənin Təhlükəsizlik Şurasına rəhbərlik edəcəyini açıqlayıb. Tokayev bildirib ki, o, “mümkün qədər sərt davranmaq niyyətindədir” və Qazaxıstanın paytaxtını tərk etməyi planlaşdırmır.