Qazaxıstan startapının Azərbaycanda elektron pul təşkilatı kimi lisenziya gözlədiyi məlum olub.
Banker.az xəbər verir ki, 2022-ci ildə təsis edilən “Onevision Pay” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçilərinin Ümumi Yığıncağının qərarı ilə nizamnamə kapitalı 200 manatdan 500 000 manata qaldırılıb.
Bununla da, şirkət Mərkəzi Bank tərəfindən təşkilatlar üçün müəyyən edilmiş minimal tələb olan 500 000 manata uyğundur. Bununla belə, kapital artımı 2024-cü ilin üçüncü rübündə baş tutsa da, hələ ki, lisenziya ilə bağlı qərar verilməyib. Bu minimal məbləğ, ödəniş hesabı üzrə pul vəsaitinin nağd formada mədaxili və (və ya) məxarici əməliyyatlarının aparılması; kredit köçürməsi, birbaşa debitləşmə, ödəniş kartı və ya digər oxşar ödəniş alətləri ilə ödəniş əməliyyatlarının icrası və ödəniş alətlərinin emissiyası və (və ya) ödəniş əməliyyatının ekvayrinqi həyata keçirən şirkətlərə şamil edilir.
Şirkət təsis edildikdən 2023-cü ilin avqustuna qədər ona İqor Yem rəhbərlik etsə də, həmin tarixdən sonra Ruslan Bağıyev Gülmirzə oğluna həvalə edilib.
“OneVision” Qazaxıstanın startapıdır və dörd il öncə 1 milyon dollar qiymətləndirmə ilə 100 min dollar investisiya cəlb edib. Startap almatılı İqor Yem və dörd tərəfdaşı tərəfindən təsis edilib.