8 C
Baku
Friday, December 13, 2024

Qazaxıstanın Nəqliyyat Logistika Mərkəzi Azərbaycana ayda 10 konteyner qatarı göndərəcək

Qazaxıstanın Nəqliyyat Logistika Mərkəzi vasitəsilə Azərbaycana ayda 10 konteyner qatarının yola salınması planlaşdırılır.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin məlumatında bildirilir.

Orta Dəhlizin inkişaf etdirilməsi və yeni yüklərin cəlb edilməsi baxımından bu günlərdə Çində fəaliyyətə başlamış Qazaxıstanın Nəqliyyat Logistika Mərkəzi marşrut üzrə yükdaşımaların həcminin əhəmiyyətli dərəcədə artırılmasına hədəflənib.

61 konteynerdən ibarət qatar uzunluğu 7 min km olan marşrutu (Siandakı Qazaxıstan terminalı – Aktau – Abşeron stansiyası) 11 günə qət edib. Multimodal daşıma zamanı konteynerlər Qazaxıstan limanında yenidən yüklənərək Xəzər dənizi ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanına, oradan isə Abşeron stansiyasına çatdırılıb.

Orta Dəhlizin inkişafı üçün birbaşa istehlakçılara yönəlmiş rəqəmsal DTC platforması yaradılıb, Azərbaycan və Qazaxıstan dəmir yolları “Track and Trace” (“Təqib və İzləmə”) funksiyası vasitəsilə real vaxt rejimində marşrut boyunca yüklərin izlənməsi sisteminə inteqrasiya olunub. Vahid rəqəmsal ekosistemin yaradılması və inkişaf etdirilməsi Orta Dəhlizin şəffaflığını və cəlbediciliyini getdikcə daha da artırır.

Azərbaycan və Qazaxıstan dəmir yolları idarələrinin birgə səyləri sayəsində 2024-cü ildə yükdaşımaların həcminin əhəmiyyətli dərəcədə artırılması planlaşdırılır.

Bu ilin yanvar-fevral aylarında “Qazaxıstan Dəmir Yolları” SC ilə “Azərbaycan Dəmir Yolları” QSC arasında yükdaşımaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 25% artaraq 539,5 min ton təşkil edib.

Xatırladaq ki, əvvəllər Çindən Orta Dəhliz vasitəsilə yüklərin Qara dəniz limanlarına çatdırılması təxminən 53 gün çəkirdisə, hazırda yüklərin çatdırılma müddəti 18 günə qədər azaldılıb.

Orta Dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif yaradılıb, “vahid pəncərə” prinsipi tətbiq olunur.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər