5 C
Baku
Sunday, February 25, 2024

Qazaxıstanın qazma qurğusu Azərbaycanı tərk edə bilər

Qazaxıstanın “Satti” özüqalxan qazma qurğusu öz işini Azərbaycandan kənarda davam edə bilər.

Bu barədə neft-qaz bazarındakı mənbədən bildirilib.

Qeyd edək ki, 2019-cu ilin fevralında əsas payı SOCAR-a məxsus olan “Caspian Drilling Company” (CDC) şirkəti və Qazaxıstanın “KazMunayGas” milli şirkətinin törəməsi olan “KMG Drilling & Services” arasında Xəzər dənizinin Azərbaycan sektorundakı “Satti” qurğusu vasitəsilə quyuların qazılmasına dair müqavilə imzalanıb.

Onu da əlavə etmək lazımdır ki, öncə “Satti” vasitəsi ilə Abşeron yarımadası ətrafında dayazsulu hissədə (AYDH) üç geoloji-kəşfiyyat quyusu qazılıb, lakin qeyd olunan ərazidə rentabelli (iqtisadi cəhətdən səmərəli – red.) göstəricilər əldə edilməyib.

Mənbənin sözlərinə görə, AYDH-da işləri bitirdikdən sonra qurğu “Babək” perspektiv strukturunda dayaz sulu hissəsində (63 metr) ilk kəşfiyyat quyusunu qazmalı idi, lakin bu məsələ ilə bağlı SOCAR tərəfindən son qərar verilmədiyinə görə, hazırda qurğu fəaliyyətsiz vəziyyətdə hələ ki, Azərbaycandadır.

“Qurğu hələ buradadır. Heç bir qərar verilməyib, amma düşünürəm ki, çox gözləsək, qurğu gedəcək”, – mənbə qeyd edib.

O əlavə edib ki, CDC-nin “KazMunayGas” ilə müqaviləyə əsasən, “Satti” üçün Azərbaycanda iş olmadığı təqdirdə, qarşı tərəf qurğunu götürərək Azərbaycandan kənar fəaliyyətə cəlb edə bilər. Azərbaycan tərəfinin qurğunu idarə etmək üçün müstəsna hüquqları olsa da, onun da öz müddəti və şərtləri var. Azərbaycanda iş olmadığı halda qurğu ölkədən aparıla bilər.

“Qurğu işlək vəziyyətdə saxlanılır. Öhdəliklər yerinə yetirilir, o, işlək vəziyyətdədir və istənilən vaxt dənizə çıxa bilər”, – mənbə vurğulayıb.

Xatırladaq ki, SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə “Ümid-Babək” blokuna daxil olan “Babək” perspektiv strukturunda axtarış-kəşfiyyat işlərini sürətləndirmək məqsədilə xarici şirkətlərlə danışıqların aparıldığını bildirib.

Onun sözlərinə görə, qeyd olunan işlərin başlanılması üçün bu ilin 10 may tarixində Fransanın “TotalEnergis” şirkəti ilə anlaşma memorandumu imzalanıb.

Xoşbəxt Yusifzadə onu da əlavə edib, əgər “Ümid” yatağının ehtiyatları 200 mlrd. kubmetr həcmindədirsə, “Babək” strukturunun ehtiyatları bundan iki dəfə çox ola bilər.

Qeyd edək ki, 2017-ci il yanvarın 12-də “Ümid” yatağının və “Babək” perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında SOCAR-la “SOCAR Umid Oil and Gaz Ltd.” şirkəti arasında Risk Xidmət Sazişi imzalanıb. Bundan əlavə blokun kəşfiyyatı və işlənməsi üzrə neft-qaz əməliyyatlarının aparılması haqqında “SOCAR Umid Oil and Gas Ltd.” şirkəti və “Umid, Babek Exploration & Production” şirkəti arasında müqavilə imzalanıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər