17 C
Baku
Sunday, May 19, 2024

Qazaxıstanla Azərbaycan ticarət dövriyyəsini 1 mlrd. dollara çatdırmağı planlaşdırır

“Qazaxıstan və Azərbaycan iki ölkə arasında illik ticarət dövriyyəsini 1 milyard dollara çatdırmağı planlaşdırır”.

Bunu jurnalistlərə Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov bildirib.

O deyib ki, iqtisadi perspektivdə tərəflər ticarət dövriyyəsini ildə 1 milyard dollar səviyyəsinə çatdırmağı hədəfləyir: “Hazırda yeni layihələr işlənib hazırlanır, iki ölkənin ticarət evləri fəaliyyət göstərir. Həmçinin, Transxəzər qaz kəmərinin, tarixi “Böyük İpək Yolu” ilə boyunca Şərqdən Qərbə nəqliyyat-kommunikasiya dəhlizinin yaradılmasının mümkünlüyü və bir çox digər layihələr ikitərəfli münasibətlərin inkişafının mühüm aspektlərindəndir”.

Onun sözlərinə görə, bu il Azərbaycan və Qazaxıstan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi tamam olur: “Səfirlik olaraq bu hadisə ilə bağlı bir sıra təşəbbüslər həyata keçirmişik. Hazırda bu mövzuda sənədli film üzərində işlər aparılır və kitab çapa hazırlanır. Ölkələri bir-birinə uzun tarixə malik münasibətlər, ortaq dil və mədəniyyət bağlayır. Bu illər ərzində tərəfdaşlıq yeni səviyyəyə qədəm qoyub. Bu səviyyə sabit siyasi dialoqu, iqtisadi əlaqələri, beynəlxalq aləmdə qarşılıqlı dəstəyi özündə ehtiva edir”.

Bu ilin avqust ayında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana ilk səfərinin baş tutduğunu xatırladan səfir Qazaxıstan liderinin vurğuladığı kimi, Qazaxıstan və Azərbaycanın strateji tərəfdaş və müttəfiq olduqlarını diqqətə çatdırıb.

S.Abdıkərimov bildirib ki, birgə bəyannamənin qəbulu ilə əlamətdar olan bu səfər 30 illik münasibətlərin yekunlarını özündə əks etdirib və yeni mərhələsinin açılışı rolunu oynayıb: “İki ölkə arasında humanitar sahədə də geniş əlaqələr mövcuddur. Ölkəmizdə yaşayan çoxminli Azərbaycan diasporu Qazaxıstan xalqının bir hissəsidir ki, bu da bu əlaqələrin əhəmiyyətini daha da artırır”.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər