“Azərbaycan əhalisinin əmanətlərinin dollarlaşması bankların ümumi kredit portfelində xarici valyutada olan kreditlərin payına nisbətən daha ləng azalır”.
Bunu Rusiya “Qazprombank”ının Tədqiqatlar şöbəsinin rəis müavini, MDB ölkələri üzrə baş iqtisadçı Gülnarə Xaydarşina deyib.
Onun fikrincə, Azərbaycan əhalisinin əmanətlərinin dollarlaşması monetar şərtlərin sərtləşməsi fonunda tədricən azalır, lakin yüksək olaraq qalır.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, əhalinin xarici valyutada əmanətlərinin xüsusi çəkisi 2022-ci ilin sonundakı 39,2%-dən 2023-cü ilin aprelində 37,2%-ə düşüb ki, bu da pandemiyanın başlanğıcından bəri yeni minimumdur.
“Azərbaycanda mövcud monetar şərtlər əmanətlərin dollarlaşmasının sabit olaraq 40%-dən aşağı səviyyədə olmasını təmin edir. Xatırladaq ki, aparıcı reytinq agentlikləri məhz əmanətlərin dollarlaşmasının ciddi artımını Azərbaycanın suveren reytinqlərinə potensial təzyiq amillərindən biri hesab edirlər”, – G. Xaydarşina bildirib.