Avropada “mavi yanacağa” artan tələbatı qarşılamaq üçün Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə təbii qazın tədarükü artdıqca, Azərbaycanın neft-qaz sektorunun bərpası qısa müddətdə sürətlənəcək.
Bu barədə Rusiyanın “Qazprombank”ının araşdırmasında deyilir.
“Yanvar-fevral aylarında ölkənin neft-qaz sektorunda 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə azalma 3,6 %-ə (2023-cü ilin yanvarında qeydə alınmış –4,6 %-ə qarşı) qədər səngiyib. Bu, qaz hasilatının illik ifadədə 4 % artması ilə əlaqədardır”, – bank analitikləri qeyd edirlər.
Onların fikrincə, yanvar-fevral aylarında Azərbaycanın ÜDM-in dinamikası əsasən ötən ilin yüksək baza effekti ilə bağlı olub, belə ki, o zaman iqtisadi artım illik müqayisədə 6,7 % təşkil edib: “Maraqlıdır ki, neftin qiymətinin düşməsi fonunda qeyri-neft-qaz sektoru Azərbaycanın iqtisadi artımının əsas təkanverici qüvvəsinə çevrilib. Qeyri-neft-qaz sektorunda artım illik ifadədə 1,7 %-dən 4,6 %-ə yüksəlib. Bu, cari ilin yanvar-fevral aylarında Azərbaycan iqtisadiyyatını müsbət dinamikaya yönəldən əsas amil olub. Hesab edirik ki, Qarabağda layihələrin həyata keçirilməsi sayəsində qeyri-neft-qaz sektorunda artım bərpa olunacaq”.
“Qazprombank”ın iqtisadçıları hesab edirlər ki, bu layihələr Azərbaycanın qeyri-neft-qaz sektorunun inkişafına güclü təkan verir. 2022-ci ildə azad olunmuş ərazilərdə həyata keçirilən layihələrin maliyyələşdirilməsinə 6,5 milyard manata yaxın vəsait xərclənib ki, bu da ÜDM-in 5 %-ni təşkil edir.
Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-fevral aylarında ölkədə ÜDM 0,4 % artaraq 19,8 milyard manat təşkil edib.
“ÜDM-in strukturuna əsas töhfəni 50,3 % payla sənaye verib. Hesab edirik ki, Azərbaycanda fevral ayında ÜDM-in müsbət dinamikasının bərpası gözləniləndir, bu isə ölkənin avrobondları üçün neytraldır”, – bankın analitikləri qeyd edirlər.
Xatırladaq ki, hazırda Azərbaycan qazının Avropanın cənubuna nəql olunduğu Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik Qaz Boru Kəmərinin ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetr qaz təşkil edir. Bu ilin yanvar-fevral aylarında Avropaya 1,9 milyard kubmetr qaz satılıb. 2022-ci ilin analoji dövrü ilə müqayisədə Avropaya qaz satışı 0,3 milyard kubmetr və ya 18,7 % artıb.