Martın 17-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin İqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri komitəsinin videokonfrans formatında 56-cı iclası keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, videokonfransda qurumdakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Eldar Quliyev, nümayəndə heyətinin üzvü Elşad Mirbəşir oğlu və digər üzv ölkələrin – Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna, Moldova, Albaniya, Bolqarıstan, Yunanıstan, Rumıniya, Serbiya və Ermənistanın nümayəndələri iştirak ediblər.
Qurumun İstanbuldakı Beynəlxalq Katibliyinin təşkil etdiyi videokonfransda öncə gündəlik qəbul olunub. Sonra QDİƏT PM İqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri komitəsinin 2020-ci ilin oktyabrında onlayn rejimdə keçirilmiş 55-ci iclasının protokolu təsdiqlənib.
“İnsan alverinin qarşısının alınmasında parlamentlərin rolu: iqtisadi aspektlər” mövzusuna həsr olunmuş 56-cı iclasda məruzə layihəsini Albaniya nümayəndə heyətinin rəhbəri Andrea Marto, tövsiyə layihəsini Türkiyə nümayəndə heyətinin rəhbəri Cemal Öztürk təqdim ediblər.
Mövzu ətrafında çıxışlardan sonra iclasda “İnsan alverinin qarşısının alınmasında parlamentlərin rolu: iqtisadi aspektlər” mövzusunda məruzə təsdiqlənib və Baş Assambleyada təqdim olunması üçün Andrea Marto məruzəçi təyin olunub.
İclasda təşkilati məsələlərə də baxılıb, Bolqarıstan nümayəndə heyətinin rəhbəri Petar Kanev QDİƏT PM İqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri komitəsinin yeni sədri seçilib.
Tədbirdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Baş katibi Asəf Hacıyev də iştirak edib. Videokonfransın yekununda İqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri komitəsinin 57-ci iclasının 15-16 sentyabr tarixlərində Bolqarıstanda keçirilməsi qərara alınıb.