Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) həm Azərbaycan daxilində, həm də xaricdə yeni istiqraz emissiyaları vasitəsilə manatla maliyyələşdirmənin müxtəlif hüquqi və maliyyə mexanizmlərini araşdırır.
Bunu QDTİB-nin prezidenti Serhat Köksal deyib.
O, QDTİB-nin daxili bazara manat istiqrazları buraxan ilk beynəlxalq maliyyə qurumu olduğunu və bunun Azərbaycan hökumətinin iqtisadiyyatın dollarsızlaşdırılması istiqamətində səylərinin dəstəklənməsi istiqamətində mühüm addım olduğunu vurğulayıb.
“Bu təşəbbüs həm də kapital bazarının inkişafına və ölkənin maliyyə sektorunun dayanıqlığının gücləndirilməsinə töhfə verdi”, – S.Köksal vurğulayıb.
Bank prezidentinin sözlərinə görə, QDTİB fəaliyyətinin digər aspektlərində olduğu kimi, iştirakçı ölkələrdəki xüsusi sorğu və ehtiyaclara cavab verir. “Biz daha əvvəl mövcud tələbat və müvafiq hüquqi-normativ bazanın mövcudluğuna uyğun olaraq manat istiqrazları buraxmışdıq. Bu, yerli tənzimləyicilərlə sıx əməkdaşlıq və əlverişli bazar şəraitinin yaradılması sayəsində mümkün olmuşdu”, – Bankın prezidenti bildirib.
O vurğulayıb ki, QDTİB hazırda maliyyə institutları və korporativ sektor tərəfindən milli valyutaya olan marağın monitorinqini davam etdirir.
“Bununla əlaqədar həm ölkə daxilində, həm də xaricdə yeni istiqraz emissiyaları vasitəsilə manatla maliyyələşməni təmin etməyə imkan verən müxtəlif hüquqi və maliyyə mexanizmləri nəzərdən keçirilir. Hər bir belə qərar fərdi qiymətləndirilir – cari bazar şərtlərindən, makroiqtisadi vəziyyətdən və müştərilərimizin ehtiyaclarından asılı olacaq. Məqsədimiz bütün tərəflər üçün dayanıqlı və faydalı əsasda milli valyutaya çıxışı təmin etməkdir”, – S.Köksal qeyd edib.