Ötən il qeyri-neft sektoru üzrə dövriyyələrin həcmi 10.2%, ƏDV üzrə dövriyyələrin həcmi 10.6%, o cümlədən elektron qaimə-faktura üzrə dövriyyələrin həcmində 15.6% artım olub. Dövriyyələrin şəffaflaşmasında mühüm rol oynayan yeni nəsil nəzarət-kassa-aparatları üzrə həcm isə 2023-cü ildə 22 mlrd. manata çatıb.
Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli bu gün keçirilən “Vergi sistemi yeni inkişaf dövründə: davamlı iqtisadiyyat üçün strateji hədəflər” adlı Forumda deyib.
O bildirib ki, Dövlət Vergi Xidməti vergi ödəyicilərinə göstərilən elektron xidmətlərin avtomatlaşdırılması ilə yanaşı, vergi nəzarəti proseslərinin avtomatlaşdırılması üzərində də işləyir: “Vergi inzibatçılığının rəqəmsallaşma hesabına sadələşdirilməsi, vergi məlumatların əlçatanlığının və keyfiyyətinin artırılması nəticəsində biznesin vergi əməletməsinə sərf etdiyi vaxtın azaldılması və süni intellekt modulları əsasında informasiya sistemlərinin qurulması imkanları əsas hədəf istiqamətlərindən olacaq”.