8 C
Baku
Sunday, January 29, 2023

Qida məhsulları ilə bağlı yeni qərar qüvvəyə mindi

Ötən il Milli Məclisdə qəbul olunan və 2022-ci il iyunun 24-də Prezident İlham Əliyevin imzaladığı “Qida təhlükəsizliyi haqqında” qanun 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.

Qanuna əsasən, qida sahəsində fəaliyyət göstərən hər bir sahibkar yeni qanunun müddəaları ilə yaxından tanış olmalı və öz fəaliyyətini onun tələblərinə uyğun qurmalıdır. Yeni qüvvəyə minən qanun qida təhlükəsizliyi sistemi üzrə hüquqi bazanı gücləndirəcək, vətəndaşların həyat və sağlamlığının qorunmasında mühüm rol oynayacaq. Eyni zamanda, yeni qanun dövlətin siyasi xəttinə uyğun olaraq, sahibkarlara göstərilən dəstəyin davamı kimi də öz töhfəsini verəcək.

Xatırladaq ki, yeni qanuna əsasən, 2023-cü il yanvarın 1-dən etibarən xaricdəki qida obyektlərindən məhsul idxalına yalnız obyekt təsdiq edildikdən sonra icazə veriləcək. Bəzi ölkələrin təsdiq sisteminin ekvivalentliyinin tanınması avtomatik olaraq, bəzi ölkələrdə isə qiymətləndirmə aparılmaqla həyata keçiriləcək. Yeni qanuna əsasən, bioloji aktiv qida məhsulları, qida və yem əlavələri, təbii mineral sular dövlət qeydiyyatına alındıqdan sonra onların istehsalı, emalı və dövriyyəsinə icazə veriləcək. Qida məhsullarının, o cümlədən mineral suların üzərində “müalicəvi” sözünün yazılması qadağan edilir və həmin məhsulların idxalı, istehsalı mümkün olmayacaq. Qida məhsullarının markalanmasında Azərbaycan dilində məlumatlar olmadıqda onun idxalına və dövriyyəsinə yol verilməyəcək.

Yeniliklərdən biri də budur ki, qida məhsullarının markalanmasında qida məhsullarına xas olmayan təsir və ya xassələrin göstərilməsinə, habelə eynixassəli oxşar qida məhsullarına məxsus xassələrin xüsusi xassələr kimi təqdim edilməsinə icazə verilməyəcək. Bəzi yüksək riskli qida məhsullarının idxalı üçün həmin məhsulların təhlükəsizliyini təsdiq edən sənədlə müşayiət olunması tələbi qüvvəyə minib. Bütün qida və yem məhsulları məhsul idxal olunmamışdan əvvəl bildiriş göndərildikdən, idxal olunduqdan sonra isə sənəd nəzarəti, eynilik nəzarəti və fiziki nəzarətdən keçdikdən, idxal sağlamlıq akti verildikdən sonra dövriyyəyə buraxılacaq. Qida ilə təmasda olan material və məmulatların idxalı zamanı onlara AQTA tərəfindən verilən idxal sağlamlıq aktı, yerli istehsal olduqda isə obyektlərin qeydiyyatı tələb olunacaq. Aşağı riskli məhsullara aid qida obyektlərinin qeydiyyatı avtomatik, yüksək riskli məhsullara aid obyektlərin təsdiqi isə tələblərə uyğunluğu qiymətləndirilməklə həyata keçiriləcək. Obyektlərin və subyektlərin qeydiyyatı dövlət rüsumu tələb olunmadan, təsdiqi isə mikro və kiçik sahibkarlıq subyektləri üçün rüsumsuz, orta və iri subyektlər üçün isə vahid məbləğ (150 manat) olmaqla ödəniləcək. Yem məhsullarının dövlət qeydiyyatı “yem zəncirinə” nəzarətlə əvəz olunacaq. Özəl laboratoriyalar akkreditasiya ilə yanaşı, Qida Təhlükəsizliyi İnstitutunun səriştəlilik sınaqlarından keçdikdən sonra onların nəticələri qəbul ediləcək.

Sahibkarlar yeni qanunla əlaqədar sualları yarandığı təqdirdə agentliyin 1003 – Çağrı Mərkəzinə zəng vuraraq müraciət edə bilərlər. “Qida təhlükəsizliyi haqqında” qanunun tam mətni və izahedici məlumatlarla Qida Təhlükəsizliyi Agentliyinin media resurslarında – afsa.gov.az saytında və sosial şəbəkə hesablarında tanış olmaq mümkündür.

Son xəbərlər
Digər xəbərlər
X