Qida məhsullarının etiket məlumatları (markalama) ilə bağlı yeni tələblər müəyyənləşib.
Banker.az bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən xəbər verir.
Etiketləmə tələblərinə dair əlavə müddəlar “Qida təhlükəsizliyi haqqında” qanunda yer alıb. AQTA-dan bildirilir ki, istehlakçıların qavrama və informasiya ehtiyaclarının fərqliliyi nəzərə alınaraq hazırlanan müddəalar qida məhsulları haqqında məlumatların düzgün təqdim edilməsi yolu ilə istehlakçı hüquqlarının müdafiəsinin təmin edilməsi məqsədi daşıyır.
Qanuna əsasən, məhsulun etiketi üzərində həmin qida məhsuluna xas olmayan təsir və ya xassələr göstərilməməlidir. Çünki qida məhsulu üzərində yalnış məlumatların yerləşdirilməsi istehlakçıların aldadılması, dolayısı ilə onların hüquqlarının pozulması ilə nəticələnə bilər.
Aparılan müşahidələr istehlak bazarında bu kimi halların mövcudluğunu üzə çıxarıb. Belə ki, bütün analoji qida məhsulları ilə eyni xassələrə sahib olduğu halda müəyyən bir qida məhsulunun xüsusi xassələrə malik olduğuna və tərkibində xüsusi inqrediyentlərin və ya qida maddələrinin mövcudluğu və ya olmamasına dair ifadələrin yer aldığı məhsullara rast gəlinir. Bu hal həmin məhsulların digər analoji məhsullardan daha üstün olması təəssüratı yaratmaqla, istehlakçılarda yanlış fikrin formalaşmasına gətirib çıxarır. “Qida təhlükəsizliyi haqqında” qanunda yer alan müvafiq tələb məhz bu kimi halların mövcudluğunu aradan qaldırmağa xidmət edir. Qanuna əsasən, sahibkarlıq subyektləri tərəfindən eynixassəli oxşar qida məhsullarının hər birinə məxsus xassələr xüsusi xassələr kimi təqdim edilməməlidir.
Eyni zamanda qanunun qəbulu ilə qida məhsullarına “müalicəvi”, “pəhriz” kimi adların verilməsi ləğv ediləcək. Belə ki, hər hansı bir qida məhsulunun etiketində həmin məhsulun insan xəstəliklərinin qarşısını alması, müalicəvi xüsusiyyətlərə malik olması haqqında məlumatlar verilməsi və ya bu cür təəssürat yaradan ifadələrin qeyd edilməsi yeni qanunla qadağan edilib.