Qida sahəsində fəaliyyət göstərən altı müəssisədə nöqsanlar aşkarlanıb.
Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, avqustun 8-də Agentlik əməkdaşları respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 15 ticarət müəssisəsi və 1 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 6 müəssisədə nöqsanlar müəyyən ediblər. Bu müəssisələrdə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 3, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 5, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 3, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı 2, qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluqla bağlı 3 nöqsan aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.
Yoxlama nəticəsində nöqsanlar aşkar edilmiş müəssisələr haqqında https://afsa.gov.az/az/xeberler/6-ticaret-ve-ictimai-iase-muessisesinde-noqsanlar-mueyyen-olunub-8-avqust linki vasitəsilə məlumat almaq mümkündür.