Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Bakı Media Mərkəzi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Əməkdaşlıq memorandumuna əsasən, tərəflər qarşılıqlı əməkdaşlıq əlaqələrini inkişaf etdirmək və möhkəmləndirmək niyyətlərinə əsaslanaraq, ictimaiyyətlə əlaqələrin qurulması və idarə edilməsi, müxtəlif PR xarakterli layihələrin icra edilməsi, eləcə də Korporativ Sosial Məsuliyyət işinə töhfə vermək üçün müxtəlif birgə fəaliyyətlərinin təşkili məqsədi ilə razılığa gəliblər.
Tədbir Bakı Media Mərkəzinin binasında baş tutub. Tədbirə açılış nitqi ilə başlayan AQTA-nın sədri Qoşqar Təhməzli Bakı Media Mərkəzi ilə qurulacaq əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Qida Təhlükəsizliyi sahəsində innovativ layihələrin icrasının, geniş maarifləndirmə aksiyalarının vacibliyini bildirən Qoşqar Təhməzli həyata keçiriləcək bu işlər sayəsində vətəndaşların qida məhsullarını daha şüurlu şəkildə istifadə edəcəyini bildirib.
Tədbirdə AQTA-nın loqosu ictimaiyyətə təqdim edilib. Bakı Media Mərkəzinin direktoru Orman Əliyevin ictimaiyyətə təqdim etdiyi Qida Təhlükəsizliyi Agentliyinin loqosunda qida təhlükəsizliyinin əsas anlayışlarından olan qida zənciri və bərəkət rəmzi olan sünbülün elementlərində istifadə olunduğunu diqqətə çatdırıb.