“Qida təhlükəsizliyi sahəsində risklərin təhlili qaydası” təsdiq edilib.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qida təhlükəsizliyi sahəsində risklərin təhlili qaydası “Qida təhlükəsizliyi haqqında” Qanunun 6.2-ci maddəsinə uyğun olaraq hazırlanıb, qida və yem məhsulları üzrə risklərin qiymətləndirilməsi, idarə edilməsi və risklər haqqında məlumatlandırma mərhələlərindən ibarət risklərin təhlili ilə bağlı məsələləri tənzimləyir.
Qida təhlükəsizliyi sahəsində tətbiq olunan risklərin təhlilinin əsas məqsədi insan və heyvan həyatının və sağlamlığının məhsulların yarada biləcəyi təhlükədən aşağıdakı yollarla qorunmasıdır: qida təhlükəsizliyi baxımından risklərin müəyyən edilməsi və bu sahədə effektiv və səmərəli tədbirlərin həyata keçirilməsi, eləcə də maraqlı şəxslərin risklər və həyata keçiriləcək tədbirlər barədə məlumatlandırılması;
Qida təhlükəsizliyi sahəsində sanitar mühafizənin zəruri səviyyəsini təmin etmək məqsədilə mövcud qida təhlükəsizliyi göstəricilərinin təkmilləşdirilməsi və ya yeni göstəricilərin müəyyən edilməsi vasitəsilə texniki normativ hüquqi aktların təkmilləşdirilməsi, yeni tənzimləyici tədbirlərin müəyyən edilməsi.
Həyat və sağlamlığın mühafizəsini təmin etmək məqsədilə qida təhlükəsizliyi sahəsində dövlət tənzimlənməsi elmi sübutlardan və Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş standartlardan, tövsiyələrdən və qaydalardan istifadə etməklə risklərin təhlili prinsipinə əsaslanır.