Qırğızıstan hakimiyyəti elektrik enerjisi çatışmazlığı ilə əlaqədar bütün mayninq fermalarının fəaliyyətini dayandırmaq barədə göstəriş verib. Bu barədə energetika naziri Taalaybek İbraev “24kg” portalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, qərar elektrik enerjisi qıtlığı və Toktoqol Su Elektrik Stansiyasında su səviyyəsinin kəskin aşağı düşməsi ilə bağlıdır. Nazir vurğulayıb ki, fermaların fəaliyyətinin dayandırılması artıq həyata keçirilib.
“Mövcud enerji çatışmazlığı şəraitində respublika üzrə bütün mayninq fermalarının tam şəkildə söndürülməsi barədə qərar qəbul olunub. Bu məsələ mənim xüsusi nəzarətim altındadır”, — deyə İbraev qeyd edib.
Eyni zamanda, hökumət enerjiyə qənaət tədbirlərini həyata keçirir, istehlakı məhdudlaşdırır və kiçik SES-lər, günəş elektrik stansiyaları və iri obyektlərin modernləşdirilməsi hesabına enerji istehsalını artırır.








