17 C
Baku
Sunday, May 19, 2024

Qırğızıstanda TikTok sosial şəbəkəsinə giriş məhdudlaşdırılacaq

Qırğızıstan Milli Təhlükəsizlik Komitəsi respublika ərazisində TikTok sosial şəbəkəsinə girişin məhdudlaşdırılması barədə qərar qəbul edib.

Bu barədə Qırğızıstanın Rəqəmsal İnkişaf Nazirliyi məlumat yayıb.

“Qırğızıstan Milli Təhlükəsizlik Komitəsinin ölkə ərazisində TikTok sosial şəbəkəsi ilə bağlı əsaslandırılmış qərarına əsasən, göstərilən xidmətə çıxışı məhdudlaşdırmaq üçün rabitə sahəsində tənzimləmə və nəzarət xidməti telekommunikasiya operatorlarına məktub göndərib”, – deyə məlumatda bildirir.

Nazirlikdən verilən məlumata görə, qərarın qəbul edilməsinə sosial şəbəkənin “Qırğızıstan Respublikasında uşaqların sağlamlığına, onların fiziki, intellektual, əqli, mənəvi və əxlaqi inkişafına zərərin qarşısının alınması üzrə tədbirlər haqqında” qanuna əməl etməməsi səbəb olub.

Hələ 2023-cü ilin avqustunda Qırğızıstan Mədəniyyət Nazirliyi TikTok sosial şəbəkəsini bloklamaq barədə qərar qəbul edib. Qərarın qanun çərçivəsində həyata keçirilməsi üçün Rəqəmsal İnkişaf Nazirliyinə müvafiq müraciət göndərilib.

Qeyd edək ki, Qazaxıstanda da resursun bloklanması ilə bağlı müzakirələr gedir. Senator Alişer Satvaldiyev parlament sorğusunda TikTok platformasında neqativ kontentin yayılması problemini qaldırıb.

MənbəAZƏRTAC
Son xəbərlər
 ⁠
Digər xəbərlər