Qırğız Respublikasının baş naziri, prezidentin səlahiyyətlərini icra edən Sadır Japarov qanunvericilikdə dəyişiklik olarsa, prezident seçkilərində namizəd kimi iştirak edəcəyini bildirib.
O, bu barədə Rusiyanın “Rossiya24” telekanalına müsahibəsində məlumat verib.
“Hazırda parlamentə deputatların seçilməsi və prezident seçkiləri ilə bağlı qanunvericiliyə dəyişikliklər hazırlanır. Əgər qanuna dəyişiklik nəticəsində seçkidə iştirakıma icazə verilsə, kampaniyaya qatılacağam”, – baş nazir vurğulayıb.
Qeyd edək ki, Qırğız Respublikasının prezidenti Sooronbay Jeenbekov oktyabrın 15-də istefa verib. Qırğız Respblikasının prezident seçkiləri haqqında qanuna əsasən, prezident səlahiyyətlərini icra edən şəxs bu kampaniyada namizəd olaraq iştirak edə bilməz.
Xatırladaq ki, oktyabrın 4-də Qırğız Respublikasında parlament seçkiləri keçirilib. Parlamentdəki 120 yer uğrunda 16 partiya mübarizə aparıb. İlkin məlumata görə, 46 deputatla ən çox yeri Birimdik Partiyası qazanıb. Sonrakı yerlərdə 45 deputatla Mekenim Qırğızıstan Partiyası, 13 deputatla Butun Qırğızıstan Partiyası gəlirdi. Ancaq bu partiyalar 7 faizlik seçki baryerini aşmışdı.
Oktyabrın 6-də başlayan etiraz aksiyaları fonunda Qırğızıstan Mərkəzi Seçki Komissiyası son seçkilərin nəticələrini ləğv edib. Hazırda respublikada keçmiş deputatlar səlahiyyətlərinin icrasını davam etdirir.