9 C
Baku
Monday, November 18, 2024

Qış turizmi – imkanlar az, qiymətlər baha

Dünya iqtisadiyyatına əhəmiyyətli təsiri olan turizm iqtisadi gəlirləri artırmaqla yanaşı, yeni iş yerləri yaradır, ölkənin infrastrukturunu inkişaf etdirir və ən əsası isə  əlaqələri genişləndirir, əcnəbilərlə yerli vətəndaşlar arasında mədəniyyətlərarası dialoqu formalaşdırır. Bu səbəbdən dünya ölkələri də mütəmadi olaraq turizmin müxtəlif növlərini şaxələndirməyə maraq göstərir və daha çox turist cəlb etmək yönündə işlər həyata keçirirlər.

Azərbaycanda da həm iqtisadi potensialın artırılması, həm də daxili və xarici turizm sahəsinin effektiv inkişafı üçün müxtəlif işlər görülür. Ölkəmizin qış turizminə hazırlıq mərhələsi, hansı gözləntilərin olduğu və ümumilikdə bu turizm növünün nə dərəcədə effektiv olması ilə bağlı araşdırma apardıq.

Şərait olsa da, qiymətlər hər kəs üçün əlçatan səviyyədə deyil

Ümumiyyətlə, qış turizmi, adətən, dağların qar ala bilən yüksək qurşağında xizək-sürmənin üstünlük qazandığı turizm növüdür. Standart bir idman növü kimi başlayan qış turizmi sonradan qonaqlama, əyləncə, qidalanma kimi xidmətləri özündə əks etdirir. Yəni qış turizmi soyuq, şaxtalı havada hansısa istirahət mərkəzində və ya hotellərdə qalıb sutkanı müəyyən əraziləri gəzib və yeyib-içməklə keçirmək demək deyil. Dünyada qış turizmi deyiləndə yalnız qarlı hava və xizəklə sürüşmək əyləncəsi yada düşür. Bizdə isə qış turizmi fikri səslənəndə göz önünə ilk olaraq samovar çayı və yeyib-içib dincəlmək gəlir.

Təbii ki, ölkəmizdə yay turizmi ilə yanaşı, qış turizm bazası da mövcuddur. Bəs real vəziyyət necədir?

Hazırda 3 regional bölgədə – Qusar, Qəbələ və Naxçıvanda fəaliyyət göstərən qış turizm mərkəzləri hər mövsüm yerli vətəndaşların və əcnəbilərin istifadəsinə verilir.

Turizm üzrə ekspert Ceyhun Aşurov qəzetimizin əməkdaşına açıqlamasında bildirdi ki, Azərbaycanda qış turizmi ilə bağlı yaradılmış infrastruktur tamamilə dünya standartlarına cavab verəcək səviyyədədir: “Qış fəsli yaxınlaşdıqca, hər il olduğu kimi, bu mövsüm də müvafiq işlər görülüb. Proqnozlaşdırılır ki, yeni mövsümdə daxili tələbat da çox olacaq. Belə ki, hazırda xarici ölkələrdə istər təyyarə biletləri, istərsə də gecələmə və qidalanma xərcləri olduqca yüksəkdir. Bu səbəbdən də yerli əhali yaxın bölgələrdə istirahət etməyə üstünlük verir. Bu nöqteyi-nəzərdən Azərbaycanda da qış aylarında, xüsusilə də qeyri-iş günləri, həftəsonları və bayramlarda tələbatın artacağı təxmin edilir”.
“Şahdağ”, “Tufandağ” və “Ağbulaq” Turizm mərkəzlərində lazımi infrastrukturlar qurulsa da, qiymətlər nisbətən yüksəkdir. Belə ki, xizək mərkəzlərinin ətraf ərazilərindəki əyləncələrdən istifadə, hotellərdə gecələmək bir çox halda yerli vətəndaşların büdcəsinə uyğun olmur. Bu məsələyə diqqəti çəkən ekspert öncəliklə vurğulayır ki, sözügedən bölgələr dağ xizəyi üçün əlverişli olan bölgələrdir: “Ancaq onu da qəbul etmək lazımdır ki, bunların sayı məhduddur və hər kəs üçün əlçatan səviyyədə deyil. Lakin sevindirici hal ondan ibarətdir ki, bu infrastrukturların ətrafındakı bölgələrdə, məsələn, Qusarda son vaxtlarda yeni hotellərin açıldığını müşahidə edirik. Bu məkanlar imkan verir ki, oraya gedənlər büdcələrinə uyğun şəkildə məkan seçsinlər və dağ xizəyindən istifadə edə bilsinlər. Həmçinin digər bir alternativ də var: kənd evləri də dövriyyəyə girib ki, bu da istər yerli, istərsə də xarici turistlərə münasib qiymətə gecələmək imkanı yaradır”.

Dağ xizəyindən əlavə alternativlərin sayı artırılmalıdır

Azərbaycan isti iqlim qurşağında yerləşdiyinə və qış turizmi ölkəsi kimi xarakterizə olunmamasına baxmayaraq, respublikanın bölgələrində iqlim şəraitinin imkan verdiyi qədər bu turizm növü şaxələndirilir.

Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru, turizm üzrə ekspert Samir Dübəndi nəzərə çatdırır ki, qış turizmi deyəndə birinci növbədə xizək sürmək yada düşür. Amma bununla yanaşı, qış turizmində digər fəaliyyət növləri də mövcuddur: “Şahdağ və “Tufandağ” Qış-Yay Turizm mərkəzlərində qonaqlara xizəklə yanaşı, kempinqlər, kvadrosikllər, seqvey, peyntbol, bobkart, at gəzintiləri də təklif edilir. Həmçinin tezliklə paraplan və “zip-line” fəaliyyət növləri də istifadəyə veriləcək. Bunlar sakit, küləksiz, yağıntısız hava şəraiti tələb edən aktiv fəaliyyətlərdir. Buradan da aydın olur ki, sözügedən mərkəzlərin ərazilərindən savayı, digər yerlərdə də bir sıra qış turizmi və fəaliyyət növlərini yaratmaq olar”.

Ekspert qeyd edir ki, qış turizmi sahəsinin şaxələndirilməsi yönündə mövcud olan bir çox təcrübələrdən istifadə etmək mümkündür: “Məsələn, uşaqlar üçün çox maraqlı olan Yeni il bayramında Şaxta Babanın Laplandiyadakı evinin oxşarı və bu ənənə ətrafında müxtəlif fəaliyyətlər yaratmaq mümkündür. Şimalda layka itlərə qoşulmuş xizək kirşələrdə gəzintilər və yarışlar, qış meşə giləmeyvələrinin yığımı və digər fəaliyyətlərdən də istifadə edilə bilər. Bununla yanaşı, dağ mərkəzlərimizin yamaclarının vəziyyətini qiymətləndirərək müxtəlif xizəksürmə yarışlarının keçirilməsini də təşkil etmək olar. Belə tədbirlər mərkəzlərə diqqət və marağı artırmaqla daha çox yerli vətəndaşları və xarici turistləri cəlb edə bilər”.

Samir Dübəndinin fikrincə, dağ xizək turizmi dünyada qiymət baxımından heç də ucuz turizm fəaliyyəti növü hesab edilmir. Burada təklif olunan əyləncələr nisbətən baha olsa da, hətta bəzi hallarda mərkəzlər ziyana işləyirlər. “Şahdağ” Turizm Mərkəzinin rəsmi saytında dərc edilmiş 2018-2019-cu illər üzrə maliyyə hesabatına əsasən, mərkəzin təxminən 20-25 milyon manat ziyanla işləməsi faktını nəzərə aldıqda, alternativ fəaliyyət növlərinin vacibliyi öz təsdiqini tapır: “Qiymətlərin endirilməsi və daha çox kütlənin cəlb edilməsi üçün isə rəqabətqabiliyyətli mühit formalaşdırılmaldır. Bu alternativlər həm hotel və restoran biznesinə, həm də digər xidmətlərə şamil edilir. Misal üçün, xüsusi geyim icarəyə verən nöqtələrin sayını artırmaqla daha ucuz təkliflər meydana çıxa bilər”.

Bəzi turizm şirkətləri təhlükəsizlik qaydalarına əməl etmirlər

Qış turizmi sahəsi bir qədər riskli və ekstrim elementləri olan fəaliyyət növü hesab edilir. Bundan əlavə, qış mövsümündə hava şəraitinin sərtləşməsi yollardakı hərəkəti də çətinləşdirir. Bu səbəbdən turistlərin təhlükəsizliyi məsələsi önə çıxır. Ümumilikdə istər turistin, istərsə də yerli vətəndaşın təhlükəsizliyi turizm fəaliyyətlərində xüsusi önəm daşıyır.

Hazırda ölkədə turizm şirkətləri pərakəndə şəkildə fəaliyyət göstərirlər. Bu biznesin müxtəlif formaları və növləri olsa da, qış mövsümündə arzuolunmaz halların baş verməsi qeyri-peşəkarlıqdan qaynaqlanan hal kimi qiymətləndirilir. Yəni sosial şəbəkədə hesab açaraq bu sahədə azacıq biliyin olması kifayət edir ki, həmin turizm şirkətləri həm daxili turizmlə, həm də xarici turizmlə məşğul olsunlar. Nəticədə sığorta təklif etmədən onlarca şirkət şəhər və regionlar arasında insanları daşıyır, onlara müxtəlif fəaliyyətlər təklif edirlər.

Samir Dübəndi vurğulayır ki, bu, ən sadə variantda az investisiya tələb edən biznes kimi görünür: “Məhz bu səbəbdən adıgedən iqtisadi fəaliyyət növündə müxtəlif biliyə və bacarığa malik olanlar fəaliyyətdədirlər. Turistlərin və ekskursantların sığortalanması məsələsi ən vacib amildir. Hazırda bu proses geniş miqyasda yayılmasa da, indiki vəziyyət öncəki illərdən daha yaxşıdır. Turizm fəaliyyəti ilə məşğul olan bizneslər üçün ilk növbədə təhlükəsizlik və sığorta prioritet olmalıdır. Xüsusilə bu sahədəki boşluq daxili turizmdə daha çox müşahidə edilir”.

Turistlərin sayı ilin sonuna qədər 1 milyon 400 minə çata bilər

Dövlət Turizm Agentliyindən verilən məlumata görə, ilin əvvəlindən etibarən aparılan marketinq və təbliğat tədbirlərinin nəticəsi olaraq yay aylarında turizm sənayesində xeyli canlanma müşahidə edilib. Yanvar-avqust ayları ərzində Azərbaycana 1 milyondan çox xarici ziyarətçi gəlib ki, bu da 2019-cu ilin nəticələri ilə müqayisədə, yəni pandemiyadan sonrakı dövrdə turizmin təxminən 50 faiz bərpa olunduğunu deməyə əsas verir.

Bütün dünyada turizm üçün daha passiv dövr kimi hesab edilən payız aylarını nəzərə alaraq bu ilin sonunadək xarici ziyarətçilərin sayının 1 milyon 400 minə çatacağını proqnozlaşdırmaq olar. Bununla belə, turizmin tam bərpası bir sıra vacib amillərin mövcudluğundan asılıdır. Birbaşa hava uçuşlarının olması xüsusilə Asiya bazarı üçün əlçatanlıq baxımından önəmli faktordur.

Bununla belə, bildirilir ki, agentlik tərəfindən hədəf bazarların xüsusiyyətləri nəzərə alınaraq müvafiq marketinq fəaliyyətləri  həyata keçirilir. Payız mövsümündə planlanan marketinq və təbliğat tədbirlərinin bir hissəsi məhz qış mövsümü üçün müvafiq bazarlardan turistlərin cəlb edilməsi, digər qismi isə xüsusilə səyahətləri bir neçə ay qabaqcadan planlaşdıran Avropa turistləri üçün növbəti ilin yaz-yay ayları üçün nəzərdə tutulub.

Avropa bazarında “Şahdağ”, “Tufandağ” və “Ağbulaq” kimi qış turizm destinasiyalarının təbliği hazırkı əsas hədəflər sırasındadır. Sentyabr ayında Azərbaycanın turizm imkanlarının Avropada tanıdılması məqsədilə Azərbaycan Turizm Bürosu tərəfindən Polşa və Çexiyada təqdimatlar keçirilib. Varşava, Krakov və Praqada tərəfdaşlarla əməkdaşlıq əlaqələrini genişləndirmək məqsədilə keçirilən tədbirlərdə Azərbaycandan turizm sənayesini təmsil edən 15-dək turizm şirkəti iştirak edib və yerli sənaye nümayəndələri ilə Polşa və Çexiyanı təmsil edən turizm şirkətləri arasında biznesdən-biznesə formatlı görüşlər keçirilib.

Dövlət Turizm Agentliyi onu da nəzərə çatdırır ki, polşalı turistlər hazırda Avropanın qış idman bazarının əsas iştirakçılarıdır. Onların ölkəmizdəki qış idman kompleksləri barədə məlumatlılığının artırılması üzrə işlərin genişləndirilməsi də əsas planlardan biridir. Hazırda qış mövsümündə Yaxın Şərqdən turist axınının təmin edilməsi üçün müvafiq danışıqlar aparılır, birgə tədbirlər davam etdirilir.

Xüsusilə ilk dəfə olaraq bu il “Flynas” Hava Yolları şirkəti həftədə 3 dəfə olmaqla Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərindən qış mövsümündə ölkəmizə uçuşlar həyata keçirəcək. Eyni zamanda Cənub-Şərqi Asiya regionundan Pakistan və Hindistan, Çin, Yaponiya və MDB ölkələri hədəf bazarlar sırasındadır və müxtəlif istiqamətlərdən turizmin təbliğatı işi davam etdirilir. Beynəlxalq media (“BBC”, “CNN”, “Euronews) və dünya üzrə tanınmış səyahət planlaşdırma platformaları (“Expedia”, “Wego”, “Avisales”, “Skyscanner”, “ProfiTravel” və s.) ilə də əməkdaşlıq edilir.

Göründüyü kimi, Azərbaycan zəngin turizm potensialı olan ölkədir. O cümlədən qış turizmində də daha uğurlu nəticələr əldə edilə bilər. Bu səbəbdən istifadəyə yararlı olan digər dağ ərazilərində tədqiqatlar aparılmalı,  əyləncə və fəaliyyət növlərinin geniş və əlçatan olması üçün yeni təkliflər verilməlidir. Xüsusilə iqtisadi fəaliyyət sahələrini inkişaf etdirmək üçün bu sahədəki yeni bizneslərə maliyyə imkanları yaradıla, bank kreditləri və subsidiyalar ayrıla bilər.

Azərbaycan qəzeti

Son xəbərlər
Digər xəbərlər