Rəqabətin məhdudlaşdırılmasına təsir göstərən amillərin aşkar edilməsi üçün bazarın monitorinqi həyata keçiriləcək.
Bu, Milli Məclisə daxil olan Rəqabət Məcəlləsində əksini tapıb.
Layihəyə əsasən, bazarın monitorinqi rəqabət orqanı tərəfindən aşağıdakı məqsədlərlə həyata keçirilir:
– bazarda rəqabət qanunvericiliyinin tələblərinə əməl edilməsinin müəyyənləşdirilməsi;
– qiymətlərin qərarlaşmış səviyyəsinin müəyyənləşdirilməsi;
– qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən məhsullar üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarlarının yerinə yetirilməsi vəziyyətinin qiymətləndirilməsi;
– bazarların məhsul və coğrafi sərhədlərinin, həcminin, strukturunun və iştirakçılarının müəyyənləşdirilməsi;
– rəqabətin məhdudlaşdırılmasına təsir göstərən amillərin aşkar edilməsi;
– rəqabətin vəziyyətinin müəyyən edilməsi;
– aşkar edilmiş rəqabət qanunvericiliyinin pozulması əlamətlərinin aydınlaşdırılması.
Bazarın monitorinqi rəqabət orqanının qərarı əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada aparılır.
Rəqabət orqanı tərəfindən həyata keçirilən monitorinq yekunlaşdırıldıqdan sonra onun nəticələrinə dair arayış tərtib edilir. Arayışda monitorinqi həyata keçirən vəzifəli şəxs tərəfindən monitorinqin həyata keçirildiyi bazar subyektləri, ünvan və ya coğrafi ərazi, monitorinqin nəticələrinə dair məlumatlar (qanun pozuntularının mövcud olmasını, yaxud olmamasını təsdiq edən hallar), keçirilmə predmetinə aid əşyalar və əldə edilən sübutlar barədə məlumatlar əks etdirilir. Arayış monitorinqi həyata keçirən vəzifəli şəxs (şəxslər) və monitorinqdə iştirak edən digər şəxslər (iştirak etdikdə) tərəfindən imzalanır.
Rəqabət orqanı tərəfindən həyata keçirilən monitorinqin nəticəsində monitorinqin nəticələrinə dair akt tərtib edilir.
Monitorinqin nəticələrinə dair aktın forması və tərtib edilmə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.