“Son illər dünya bazarında qızılın qiymətində ciddi dəyişiklik müşahidə olunur“.
Bu sözləri iqtisadçı ekspert Vüqar Bayramov dünya bazarında neftin qiymətinin azalmasının qızıla olan tələbata təsirini şərh edərkən deyib. Onun sözlərinə görə, son bir ildə qızılın qiymətində azalma ilə bağlı ciddi dəyişikliklər müşahidə olunurdu:
“Hazırda son 1 ildə qızılın qiymətində 6%, son 6 ayda isə 4 faiz azalma müşahidə edilirdi. Ancaq son bir ayın yekunlarına əsasən, qızılın qiymətində 2% artım olub. Ümumiyyətlə, praktik olaraq son bir ayda qızılın qiymətindəki azalma tempi zəifləyib. Əgər bir ay öncə bir qram qızılın qiyməti 38 dollar idisə, hazırda bu rəqəm 39 dollar 80 sent hesablanır. Faktiki olaraq qızılın qramı bir ayda 1 dollar 80 sent yüksəlib. Bu yüksəliş neftin qiymətinin aşağı düşməsi fonunda qızıla olan tələbatın artması ilə bağlıdır. Uzun müddət idi ki, qızıla olan tələbatın azalması müşahidə edilirdi. Ancaq son bir ayın yekunları onu göstərdi ki, qızılın qiymətində artım var. Bunun da əsas səbəbi investorların son bir ayda qızıla olan marağının yenidən bərpa edilməsi ilə bağlıdır. Bu isə öz növbəsində neftin qiymətinin aşağı düşməsindən irəli gəlir. İnvestorlar neftin qiymətinin aşağı düşməsi və bu tempin növbəti dövrlərdə də davam edəcəyi ilə bağlı narahatlıq keçirirlər və vəsaitlərini qızılda saxlamağa üstünlük verirlər”.
Ekspert onu da qeyd etdi ki, əgər neftin qiymətində azalmalar davam edərsə, bu, avtomatik olaraq qızıla olan tələbatı artıracaq:
“Bu da qızılın qiymətinin yüksəlməsinə gətirib çıxaracaq. Qızılın qiymətindəki dəyişikliyin başqa səbəbi isə son dövrlər avronun məzənnəsinin son 6 ayda azalmasının səngiməsi və son iki həftədə dollara nisbətən müəyyən dəyişikliklərin olması ilə bağlıdır. Bu baxımdan valyuta bazarında ciddi dəyişikliklər baş verir. Ümumilikdə həm valyuta bazarında dəyişikliklərin baş verməsi ilə bağlı çətinliklər, həm də neftin qiymətinin düşməsi qızıla olan tələbatın artmasına gətirib çıxarır. Sözügedən artım son bir ayın yekunlarında öz əksini tapıb”.
Axar.az