Fevral ayı üzrə qızıl fyuçersinin qiyməti ilk dəfə bir troya unsiyası üçün 4 500 ABŞ dollarını ötüb. Nyu-Yorkun “Comex” birjasının məlumatlarına görə, saat 09:15-ə olan vəziyyətə əsasən, qiymətli metal 1,1% bahalaşaraq 4 514,7 dollara çatıb.
2026-cı ilin martında tədarük ediləcək gümüş fyuçersinin qiyməti 1,58% artaraq bir troya unsiyası üçün 69,6 dollar olub. Ticarətin açılışında gümüş 70,15 dollara qədər yüksələrək yeni rekorda imza atıb.
Platin üzrə yanvar fyuçersinin qiyməti 5,72% artaraq bir troya unsiyası üçün 2 209 dollara yüksəlib. Qiymətli metal 2008-ci ilin mayından bəri ilk dəfə 2 200 dollar həddini keçib.
Qızıl və gümüşün qiymətləri artıq ikinci gündür ki, maksimum səviyyələri yeniləyir. Noyabrın sonundan etibarən gümüş 23% bahalaşıb, ilin əvvəlindən isə onun dəyəri iki dəfədən çox artıb. Bir gün əvvəl isə qızılın spot bazardakı qiymətləri tarixdə ilk dəfə bir unsiya üçün 4,4 min dollar səviyyəsini keçib.








