“Comex” əmtəə birjasında qızıl fyuçerslərinin qiyməti bir unsiya üçün 3840 dollardan yuxarı qalxıb, bu barədə ticarət məlumatlarında bildirilir.
Bakı vaxtı ilə saat 14:20-yə olan göstəriciyə görə, qiymətli metalın dəyəri 0.84% artaraq 3840.9 dollara çatıb.
“Financial Timesın”ın sorğu keçirdiyi analitiklər və bazar iştirakçıları qiymətli metalın bahalaşmasının əsas səbəbi kimi Qərb investorlarının qızıl ilə təmin edilmiş birja fondlarına yatırımlarını göstərirlər.
Nəşrin qeyd etdiyinə görə, ABŞ hökumətinin fəaliyyətinin dayanma perspektivi qızılın qiymətlərini daha da möhkəmləndirib. Qızıl ölkənin siyasi sistemindəki qeyri-müəyyənliyə qarşı qorunma vasitəsi kimi nəzərdən keçirilir. 2025-ci ildə mərkəzi banklar da ehtiyatlarını artırıb, çünki qiymətli metal əsas dünya ehtiyat valyutası olan ABŞ dollarına əks qüvvə kimi qəbul olunur.
Sentyabrın 23-də “Comex”də qızıl fyuçerslərinin qiyməti ilk dəfə olaraq bir unsiya üçün 3800 dolları ötüb. Qiymətli metalın dəyəri 0.75% artaraq 3803.6 dollara yüksəlib.