Qızılın qiyməti 2013-cü ildən bəri ən böyük rüblük enişini yaşayıb

Çərşənbə axşamı hərraclarda qızılın qiyməti bir unsiya üçün noyabrdan bəri ən aşağı səviyyə olan 3943 dollara qədər geriləyib. Bu barədə “Financial Times” yazır.

İkinci rüb ərzində qiymətli metalın qiyməti təxminən 14% ucuzlaşıb ki, bu da 2013-cü ildən bəri ən zəif rüblük nəticədir.

Hələ yanvar ayında qızıl tarixi maksimumunu yeniləyərək təxminən 5595 dollara yüksəlmişdi. Lakin son aylar faktiki olaraq qızılın ən uzunmüddətli yüksəliş dövrlərindən birinə son qoyub. Son üç il ərzində metal hər il ikirəqəmli artım nümayiş etdirib və mərkəzi banklar və qızıl ETF-lərinin genişmiqyaslı alışları hesabına qiyməti iki dəfədən çox artıb.

Qızıl niyə ucuzlaşır?

Trendin dəyişməsinə bir neçə amil təsir göstərib. Yaxın Şərqdəki müharibə səbəbindən neftin bahalaşması inflyasiya gözləntilərini artırıb, ABŞ Federal Ehtiyat Sisteminin yeni rəhbəri Kevin Uorş isə sərt bəyanatları ilə faiz dərəcələrinin artırılacağına dair gözləntiləri gücləndirib.

“CME FedWatch” alətinin məlumatlarına əsasən, treyderlər bu il FED-in faiz dərəcələrini üç dəfə artıracağını qiymətlərə daxil edirlər və sentyabrda faiz artımı ehtimalını 60%-dən yuxarı qiymətləndirirlər.

Belə şəraitdə faiz gəliri gətirməyən qızıl istiqrazlarla müqayisədə cəlbediciliyini itirir.

Qızıl ETF-lərindən kapital axını da əlavə təzyiq yaradıb. Ümumdünya Qızıl Şurasının məlumatına görə, iyun ayı ardıcıl ikinci ay xalis vəsait çıxışı ilə yadda qalacaq.

Bundan başqa, Çin bankları – “Industrial and Commercial Bank of China” (ICBC) və “China Guangfa Bank” – iyul ayından etibarən qiymətli metallar üzrə fyuçerslərlə pərakəndə ticarətə məhdudiyyətlər tətbiq etmək qərarına gəlib.

Qızılın ucuzlaşması fond bazarının yüksəlişi ilə eyni vaxta təsadüf edib. S&P 500 2020-ci ildən bəri ən yaxşı rüblük nəticəsini göstərməyə hazırlaşır.

“MKS Pamp” şirkətinin analitiki Nikki Şilds “Financial Times”a bildirib ki, investorların bir hissəsi texnologiya şirkətlərinin səhmlərinə və “SpaceX” kimi IPO-lara investisiya qoymaq üçün qızılı satıb.

Bundan sonra nə gözlənilir?

MUFG analitiklərinin, eləcə də WSJ-nin istinad etdiyi ekspertlərin fikrincə, yaxın müddətdə enerji daşıyıcılarının qiymətlərinin aşağı düşməsi, dolların möhkəm qalması və yüksək faiz dərəcələrinin uzun müddət davam edəcəyi gözləntiləri fonunda qızılın qiyməti təzyiq altında qalmağa davam edəcək.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər