“Comex” əmtəə birjasında 2026-cı ilin aprel ayı üzrə qızıl fyuçerslərinin qiyməti 7,5% azalaraq 1 troya unsiyası üçün 4 992,05 dollar səviyyəsinə enib.
Yanvarın 30-da gümüş də rekord artımdan sonra kəskin ucuzlaşıb. Birjada qiymətli metal üzrə fyuçerslərin qiyməti 16,5% azalaraq 1 unsiya üçün 95,5 dollar təşkil edib.
“Bloomberg”in məlumatına görə, qiymətli metalların ucuzlaşması ABŞ dollarının bahalaşması fonunda baş verir. Bu isə ABŞ prezidenti Donald Trampın Federal Ehtiyat Sisteminin (FED) sədri vəzifəsinə namizədini elan edəcəyi ilə bağlı gözləntilərlə əlaqələndirilir. Agentlik yazır ki, bu vəzifəyə 2006–2011-ci illərdə FES Şurasında idarəçi kimi çalışmış Kevin Uorş namizəd ola bilər.
“Reuters” qeyd edir ki, enişə baxmayaraq, qızıl 1999-cu ildən bəri ən böyük aylıq artımı nümayiş etdirməkdə davam edir. Bir neçə tarixi maksimuma çatdıqdan sonra qiymətli metalın qiyməti artıq altıncı aydır ardıcıl olaraq artır.






