Qızılın qiyməti tarixi maksimumları yeniləməyə davam edir. Qiymətli metalın birja qiyməti tarixdə ilk dəfə unsiya üçün 4250 ABŞ dollarını ötüb.
Nyu-York Əmtəə Birjasında (COMEX) dekabr fyuçersləri 16 oktyabr, cümə axşamı keçirilən ticarətlərdə 1,28% bahalaşaraq pik nöqtədə 4255,4 dollar səviyyəsinə çatıb. Bu barədə ticarət məlumatları (Bakı vaxtı ilə 07:10) göstərir.
Saat 08:00-a olan məlumata görə, artım tempi 1,12%-ə qədər zəifləyib və fyuçerslər bir unsiya üçün 4248,6 dollar səviyyəsində ticarət olunub.
Qızıla tələbin artmasına ABŞ ilə Çin arasında ticarət müharibəsinin nəticələri ilə bağlı yenidən yaranan narahatlıqlar və Federal Ehtiyat Sisteminin (FED) siyasətini yumşaldacağına dair gözləntilər səbəb olub. Tələb ABŞ prezidenti Donald Trampın Çin idxalına qarşı yeni rüsumlar tətbiq edəcəyi ilə bağlı hədə-qorxularını səsləndirməsindən sonra yüksəlib.