2021-ci ildə risksiz ehtiyatlar sırasında olan qızılın ucuzlaşması Azərbaycanı xaricə satdığı hər kiloqramda 13 min dollardan çox valyuta itkisi ilə üzləşdirib.
Ölkə üçün qeyri-neft sektoru üzrə kodlarla götürsək pambıqdan sonra ikinci ən önəmli valyutagətirən məhsuldur.
Banker.az xəbər verir ki, Azərbaycan xaricə 2021-ci ildə 6 083.2 kiloqram həcmdə sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda qızıl ixrac edib. Bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə miqdar baxımdan 1 647.2 kq, yaxud 37% çoxdur.
Lakin ixrac dəyərindəki artım, miqdardakı kimi böyük olmayıb. Bu isə ölkənin xaricə satdığı qızılın qiymətindəki ucuzlaşmadan qaynaqlanır. 2020-ci ildə 4.4 tonluq qızılı xaricə $205.5 milyona satdığı halda, 2021-ci ildə 6 tondan çox qızılı cəmi $202.52 milyona satdı.
Ortalama hesabla Azərbaycan xaricə qızılın hər kiloqramını 2019-cu ildə $35 905.8-ə, 2020-ci ildə $46 343.3-ə satmışdısa, 2021-ci ildə bu rəqəm $33 292.4-ə düşdü. Bu o deməkdir ki, ölkə xaricə satdığı qızılın hər kiloqramında ortalama 13 min dollar itki verib (28% az).
Azərbaycan qızılın demək olar ki, hamısını İsveçrə konfederasiyasına ixrac edir.
İndi isə gələk, dünya birjalarında qiymətlərə.
2019-cu ildə CAMEX-də qızılın qiyməti hər unsiya üçün 1 200 dollardan start götürür, iyun ayından 1300 dolların, iyul ayında 1 400 dolların, avqusta 1 500 dolların üzərində ticarət olundu. Hansı ki, bu dövrdə risksiz aktiv olan qızıl üçün pandemiya kimi iqtisadiyyata böyük təsir edən təhdidlər yox idi. 2020-ci ildən 1 500 dollar/unsiya üzərində olan qiymət pandemiyanın “qızğın çağı” avqust ayında 2000-lərin üzərinə qalxdı və daha sonra ABŞ valyutasının güclü mövqe qazanmasa belə, ilin sonuna qədər 1 900-ların üzərində ilə yekun vurdu. 2021-ci ildə ildən hər ucuzlaşma olsa da, ilin ən minimalı unsiya üzrə – həmin ilin ilk rübündə 1 611 dollar olub (şəkil1).
Qızılın qiyməti (COMEX: $/unsiya)