Pandemiya son 20 ildə media və əyləncə sənayesində ən ağır zərbə vurub. Hesablamalara görə, 2020-ci ildə koronavirus məhdudiyyətləri fonunda bu sahədəki şirkətlərin ümumi gəliri 81 milyard dollar azalıb.
Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Buna baxmayaraq, analitiklər 2021-ci ildə onların ümumi gəlirlərinin 2019-cu illə müqayisədə daha yüksək olacağını proqnozlaşdırırlar. Eyni zamanda özünütəcrid dövründə “partladan” video xidmətlər və striminq platformalarının böyüməsi yavaşlayacaq.
Əyləncə şirkətlərinin gəlirləri barədə “PwC” konsaltinq şirkəti ənənəvi “Global Entertainment & Media Outlook” hesabatında məlumat verib. Analitiklərə görə, 2020-ci ildə bütün sənaye təxminən 2 trilyon dollar qazanıb (bu, bir il əvvələ nisbətən 3.8% azdır). Mütəxəssislər 2021-ci ildə gəlirin 2.164 trilyon dollar, 2025-ci ildə isə 2.6 trilyon dollar olacağını proqnozlaşdırırlar.
Pandemiya dövründə ən böyük zərbə kinoteatrlara dəyib: dünyanın 53 böyük bazarında kassa mədaxili 71% azalaraq 11.8 milyard dollara düşüb. 2021-ci ildə bu kinoteatrların 23 milyard dollar qazanacağı gözlənilir.
Bununla yanaşı, koronavirus məhdudiyyətləri şəraitində konsertlər, festivallar və şouların təşkilatçıları çətin anlar yaşadılar. 2020-ci ildə əyləncə seqmentinin gəliri 78.1 milyard dollar olub və bu məbləğin yalnız 7.3 milyard dolları sənətçilərin canlı çıxışlarından əldə edilib.
Kinoteatrların bağlanması və konsertlərin ləğvi fonunda audio xidmətlərə və video platformalara tələb artıb. Onlayn kinoteatrların gəliri 2020-ci ildə 26% yüksəlib. Lakin analitiklər xəbərdarlıq edirlər: 2021-ci ildə artım qaçılmaz olaraq yavaşlayacaq və təxminən 12% (65.9 milyard dollar) təşkil edəcək.
Daha əvvəl Hollivud rejissoru Kventin Tarantino pandemiyada bağlanan bəzi kinoteatrların belə bir nəticəyə layiq olduğunu söyləyib. Onun sözlərinə görə, kinoteatrlar ziyarətçilərin rahatlığı ilə maraqlanmadıqları üçün “ölüm əmri”ni hələ pandemiyadan əvvəl imzalayıb.