12 C
Baku
Thursday, March 28, 2024

Bəzi hadisələr baş verə biləcək ciddi təlatüm və resesiyaların ilkin siqnallarıdır – ANALİTİKA

HAZIRDA DÜNYA İQTİSADÇILARINI, investorları, əhalini bir neçə məsələ ciddi şəkildə narahat edir. Bu məsələlər isə bir neçə ciddi suala cavab tələb edir. Avqust ayının ilk 6 günündə dünya bazarlarında baş verən təlatüm və yüksək dalğalanmalar gözlənilən idimi? Narahatlıq doğurmalıdırmı? Baş verənlər FES-in faiz azaltması ilə əlaqəlidirmi? Əmtəə bazarında nə baş verir?

Qısaca olaraq bu suallar ətrafında düşünək. Əvvəla avqust və oktyabr ayları maliyyə böhranları tarixində digər aylara nisbətən ən çox təlatüm və böhranların, devalvasiyaların baş verdiyi aylardır. İkincisi, hazırda baş verən hadisələrin bir çoxu gözlənilən idi, öncə baş vermiş hadisələrin məntiqi davamıdır. Lakin, bəzi hadisələr baş verə biləcək ciddi təlatüm və resesiyaların ilkin siqnallarıdır. Daha da konkret olaraq hər bir hadisəyə fərdi şəkildə baxaq:

ABŞ-Çin ticarət müharibəsi daha sərt fazaya daxil olur. Gözlənilən idi. Son 2 il ərzində bütün çıxışlarımda bu ticarət müharibəsinin təsirinin gözlədiyimizdən daha çox olacağını (ilk dəfə 2017-ci ildə bu barədə fikirlərimi yazanda bəlkə də bir çoxumuz bunun bizə nə təsiri ola bilər ki deyə düşünürdük) qeyd edirdim. Bu təsirin bütün dünya iqtisadiyyatına təsiri getdikcə artmaqdadır. ABŞ daha 300 milyardlıq Çin mallarına əlavə gömrük rüsumunu tətbiq etməyi düşünür. Çin isə çıxış yolu kimi Yuanı ucuzlaşdırır. Yuan psixoloji 7 baryerini keçdi. Hazırda 1 ABŞ dolları 7.0452 yuandır. Yuanın ciddi şəkildə ucuzlaşması Çin iqtisadiyyatı üçün müəyyən risklər yaradır (bu risklər hələlik nəzarət altında olduğu üçün Çin bu devalvasiyaya gedir). Lakin ən böyük risk Çinin qonşusu olan ölkələr və dünya iqtisadiyyatı üçün yaranır. Çin malları daha da ucuzlaşaraq digər ölkələrin ixrac etdiyi malları bazardan sıxışdırır, onların istehsalını ya zəiflədir, ya da məhv edir. Burada ölkəmiz də daxil olmaqla digər ölkələr isə daha çevik, proteksionist siyasət yürütməyə başlayacaqlar və buna məcburdurlar.

Bütün bu hadisələr gözlənilən idimi? Bəli. ABŞ-Çin ticarət müharibəsinin kökləri 2000-ci illərin əvvəllərinə gedir. ‘Cisco’ şirkəti ‘Huawei’ şirkətinə qarşı iddia qaldırır, 2005-ci ildə Alan Greenspan müəlliflik hüquqları və yuanın süni devalvasiyası səbəbindən Çinə qarşı embargo təklif edir və sair. (Bu barədə çıxışlarımda ətraflı danışdığım üçün burada əlavə vaxt almıram.) Bundan sonra nə baş verəcək? Bu ticarət müharibəsində yekun sülhün olma ehtimalı demək olar ki, 0-a bərabərdir. Nəticə isə yeni ticarət sisteminin yaranması olacaq. O səbəbdən bu ticarət müharibəsinin doğuracağı risklər hazırda hər bir ölkənin araşdırdığı prioritet məsələdir.

Digər gözlənilən bir hadisə ‘Brexit’ ilə bağlı vəziyyətdir. Bu məsələ də iqtisadi güc mərkəzlərində qüvvələrin yerini dəyişməyə hesablanıb. Lakin, nəticələri gözlənilməz olacaq.

Birjalardakı eniş. ABŞ birjalarında şişmiş köpüklərin partlaması demək daha doğru olar (amma indi). Dow Jones indeksinə daxil olan bir çox şirkətlərin bazar dəyərləri və səhm qiymətləri, bir səhmin qiyməti/bir səhmin gəlirliliyi arasındakı böyük fərqlər (bunlar texniki məsələlərdir. Oxucuları yormamaq üçün təfsilatlara ehtiyac duymuram), xüsusilə dünya iqtisadı mərkəzləri (ABŞ, Avropa, Yaponiya, Çin) göstəriciləri arasındakı fərqlər, Mərkəzi Bankların faiz dərəcələri arasında sinxronlaşmanın pozulması və nəhayət, FES-in açıq şəkildə davamlı faiz azalmalarına gedilməcəyi (FES başçısı Powel qeyd etdi ki, “faiz azalması uzun müddətli siyasətdə qısa müddətli korreksiyadır”. Yəni, uzun müddətli siyasət faiz artımıdır, bu faiz azalması siyasətin dəyişməsi demək deyildir) mesajı bu bazarda korreksiyanı labüd edirdi. Əslində korreksiya müsbət amildir, çöküş təhlükəlidir. ABŞ birjalarında baş verənlər daha çox korreksiya xarakterlidir. Eyni fikri digər ölkələrin birjaları haqqında səsləndirmək olarmı? Geniş və ayrıca olaraq baxılmalı mövzudur. (Avropa, Britaniya, Yaponiya, Çində vəziyyətlər və problemlər fərqlidir).

Əmtəə bazarları. Qızıl sürətlə bahalaşır. Gözlənilən idimi? Bahalaşma gözlənilən idi. Çıxışlarıma baxanlar qızılın bahalaşacağı ilə bağlı ehtimal və proqnozlarımla tanışdırlar. Lakin, bahalaşma sürəti gözləniləndən daha yüksəkdir. Qızılın hazırki səviyyəsi (1 unsiya = 1488 ABŞ dolları) sentyabrın əvvəlinə gözlənilirdi. Bu yüksək sürət isə risk və narahatlığın, gərginliyin sürətlə artdığını göstərməkdədir. Qızıl çox sürətlə güvənli liman funksiyasını yerinə yetirməkdədir. Lakin, qızılın gələcəyi, düşünülən yeni ticarət sistemində oynayacaq rolu barədə ayrıca danışmaq olar. Bu isə bir neçə məqalə və ya çıxışın mövzusudur. Qızıl (və yeri gəlmişkən gümüş) 2020-2025-ci illərdə formalaşmaqda olacaq yeni ticarət sistemində haqqında ən çox danışılıcaq əmtəə olacaq.

Neft bazarı. Əvvəla öncə də qeyd etdiyim kimi, neftin qiyməti FES-in faiz artırıb azaltması ilə hər hansı əlaqəsi qalmyıb. Neft bazarı tamamilə başqa prinsiplər əsasında tənzimlənir. Hətta burada tələb-təklif qanunu da acizdir. Proses əksinə gedir. Müəyyən qiymət nəzərdə tutulur, bu qiyməti saxlamaq üçün təklif tənzimlənir. Strateji hədəf ABŞ şist neftinin dünya bazarıdakı payının artmasıdır. Bu artan pay hansı ölkələrin neftinin hesabına həyata keçiriləcək sualına cavab aydındır. Təkrara ehtiyac yoxdur. Faktiki olaraq, neft və qızılın qiymətləri arasında yaranan ciddi tərs mütənasiblik isə dünya iqtisadiyyatında qeyri-müəyyənliyin, risklərin artımını, iqtisadi inkişaf tempinin zəifləyəcəyini, nəticədə qızıla olan tələbin artacağı, neftə olan tələbin isə azalacağı ehtimallarını artırır.

Yekun olaraq qeyd edim ki, əslində indi baş verən, bundan sonra da (2019-2020-ci illərdə) baş verəcək təlatümlər gözlənilən idi. 11 oktyabr, 2018-ci il tarixdə (https://banker.az/birjalarda-bas-vermis-cokus-baslangicdir…/) yazdığım məqalədə bu təlatümlər, istiqamətlər və nəticələr barədə bəhs olunduğu üçün sadəcə həmin məqalənin linkini diqqətinizə çatdıraraq təkrara yol vermək istəmirəm. Həmin məqalədə 2019-2020-ci illərdə gözlənilən təlatümlər, Hindistan amili, ABŞ-Çin ticarət müharibəsində güzəştin olmayacağı, FES-in faiz artımına gedəcəyi və nəticələrin yaxşı olmayacağı (həmin məqalə dərc olunduqdan 2 ay sonra dekabr ayında FES faizləri artırdı və ondan sonra olanlar gözümüz önündədir) ilə bağlı fikirlərim əks olunub. Ciddi proseslər baş verir, lakin bu proseslər nisbətən gözlənilən olduğu üçün psixoloji şok xarakterli deyil.

— MÜƏLLİF
ELMAN SADIQOV

Son xəbərlər
Digər xəbərlər