Dövlətlərin, ev təsərrüfatlarının, maliyyə və qeyri-maliyyə şirkətlərinin öhdəlikləri daxil olmaqla qlobal borcun həcmi 2025-ci ildə 29 trilyon dollar artaraq rekord 348,3 trilyon dollara yüksəlib. Bu barədə Beynəlxalq Maliyyə İnstitutu (IIF) məlumat yayıb.
Artım əsasən suveren borcların genişlənməsi ilə bağlı olub — bu kateqoriyanın payına 10 trilyon dollardan çox artım düşüb. Həmin artımın təxminən üçdə dördü ABŞ, Çin və avrozona ölkələrinin payına düşür.
Hazırda qlobal borcun artımı daha çox ev təsərrüfatlarının və ya şirkətlərin deyil, dünyanın ən böyük iqtisadiyyatlarında davam edən büdcə kəsirlərinin nəticəsidir.
Ötən il borcun ÜDM-ə nisbəti 308%-ə qədər azalıb. Bu azalma əsasən inkişaf etmiş ölkələr hesabına baş verib. İnkişaf etməkdə olan ölkələrdə isə göstərici rekord səviyyəyə — ÜDM-in 235%-nə çatıb.
2025-ci ilin sonunda dövlət borcu 106,7 trilyon dollar təşkil edib (bir il əvvəl 96,3 trilyon dollar idi). Qeyri-maliyyə şirkətlərinin borcu 100,6 trilyon dollar, ev təsərrüfatlarının borcu isə 64,6 trilyon dollar olub.
Yetkin (inkişaf etmiş) bazarlarda ümumi borc 231,7 trilyon dollara, inkişaf etməkdə olan bazarlarda isə rekord 116,6 trilyon dollara yüksəlib.
Hesabatda qeyd olunur ki, büdcə kəsirləri yüksək səviyyədə qalarsa və şirkətlər kapital xərclərini istiqraz buraxılışı hesabına maliyyələşdirməyə davam edərsə, 2026-cı ildə də qlobal borcun artımı davam edəcək.
IIF-in qiymətləndirməsinə görə, bu il inkişaf etməkdə olan bazarlar 9 trilyon dollardan çox borcu qaytarmalı olacaq ki, bu da tarixdə ən yüksək yenidən maliyyələşdirmə (refinanslaşdırma) həcmi sayılır. İnkişaf etmiş bazarlarda isə istiqraz və kreditlər üzrə 20 trilyon dollardan çox ödəniş gözlənilir.





