8 C
Baku
Saturday, December 3, 2022

Qlobal dəyişikliklər: ölkəmizə və türk dünyasına nələr vəd edir?

İstisnasız olaraq baş verən bütün siyasi hadisələrin kökündə həmişə iqtisadi mənafelər olub. Bu dəfə isə məsələ təkcə qısa və ortamüddətli iqtisadi mənafelərlə məhdudlaşmır. Dünyanın iqtisadi düzəni dəyişir. Cəmiyyətlər bu dəyişiklikləri olduğu səviyyə və dərəcədə hiss etmirlər ki, bunun da səbəbləri vardır:

– Bu dəyişikliklər ilkin (hazırki) mərhələdə maliyyə sisteminə toxunulmadan gedir;

– Bu dəyişikliklərlə paralel müharibə, sanksiya, səs-küylü hadisələr baş verdiyi üçün diqqət daha çox bu istiqamətlərə fokuslanıb;

– Bu dəyişikliklər kosmetik və səthi deyil, fundamental və dərin xarakterli olduğundan təbii ki, hamı tərəfindən tam görünmür, anlaşılmır;

– Bu dəyişikliklər çoxistiqamətli və bəzi hallarda ilk baxışda ziddiyyətlidir;

– Bəzi atılan addım və həll yolları özünü doğrultmadığı üçün manevrlər edilir ki, bu da çaşdırıcı rol oynayır (məsələn, Britaniyanın ən qısamüddətli baş naziri olmuş Liz Truss`ın dövründə həyata keçirilməsinə cəhd edilən islahatlar paketi və həmin paketin müvəffəqiyyətsizliyi);

– Ən əsası, bu dəyişikliklər məhz yaranmış toz-duman (xaos) fonunda olduğu üçün bulanıq görünür və sair.

Siyahını uzatmaq olar. Lakin, hazırda baş verənlərin məhz bulanıq görünməsi, bəzən isə heç hiss olunmamasına səbəb olan əsas səbəbləri qeyd etmək kiyafətdir.

Bəs baş verən əsas strateji hadisələr hansılardır?

– Enerji bazarında, xüsusilə Avropa enerji bazarında nəhəng Qazpromun payının azalması və digər böyük oyunçuların bazara daxil olması fonunda dünya enerji bazarında oyunçuların paylarının dəyişməsi;

– bir sıra strateji siyasi xətlərə korreksiyaların edilməsi (məsələn, Suriyanın parçalanması Türkiyə üçün təhlükəlidir və bu səbəbdən məsələnin həllinin Suriyanın torpaq bütünlüyü çərçivəsində həlli dominantlıq təşkil etməyə başlayıb);

– yeni siyasi-iqtisadi birliklərin yaradılması və indiyə qədər anklav şəraitində olan dövlətlərin dünya iqtisadiyyatına inteqrasiyası prosesinin başlanması (məsələn, Orta Asiya respublikaları);

– Yaponiyanın durğunluqdan çıxa bilməyən iqtisadiyyatının ekstensiv genişlənməsi strateji hədəflərdən birinə çevrilməkdədir;

– Çinə alternativ ikinci gücün Hindistan olması ilə bağlı planlara korreksiyaların edilməsi səbəbindən Hindistanın öz gücünü nümayiş etdirmək və bir sıra hadisələrə qarışmaq istəklərini artırmaqla dünya siyasi və iqtisadi düzənində daha böyük rol əldə etmək arzularını açıq nümayiş etdirməyə başlaması;

– Avropanın dünya iqtisadi və siyasi meydanında zəifləməkdə olan gücü və nüfuzu, onun aqibəti (Avropa Birliyinin bir sıra strateji məsələlərdə vahid və davamlı mövqe ortaya qoya bilməməsi xüsusilə son 15-20 ildir ki, ciddi narahatlıq doğurmaqdadır);

– dünya əmək bazarında formalaşmaqda olan təlatümlərin inkişaf etmiş ölkələrə sıçraması riskləri artmaqdadır (bu səbəbdən həmin ölkələr özlərinin miqrasiya siyasətlərində daha ehtiyatlı və konservativ yol tutmağa üstünlük verməkdədirlər);

– baş verən dəyişikliklər fonunda inflyasiya, əlvan metallar, xüsusilə ərzaq sahəsində yaranmış vəziyyət, qeyri-müəyyənliklərin təsirləri müxtəlif ölkələrdə müxtəlif dərəcədə hiss olunur. Bu isə müxtəlif problemlərin, dolayısı ilə istehsalın da maya dəyərinin artması və zəncirvari inflyasiyanın formalaşmasına səbəb olur;

– Çinə son on illiklər ərzində verilən güzəştlər, yaradılmış imkan və şəraitlər tədricən geri alınır. Tədricən… çünki, Çinin çökməsi dünya iqtisadiyyatı üçün sunami effekti yaradar. Çökməsi deyil, müəyyən həddə gətirilməsi əsas strateji hədəfdir. Çinə verilmiş güzəştlərin siyahısı uzundur. Məsələn, Çinin dünya markalarını saxtalaşdıraraq istehsal edib dünya bazarlarına çıxartmasına göz yumulmuşdur. Demək olar ki, heç bir dövlət Çini buna görə məhkəməyə verməmişdir. Lakin, Çin bu güzəştdən sui-istifadə edərək ABŞ-ın texnologiya şirkətlərinin patenti olan nou-haularını, texnoloji yeniliklərini oğurlayıb tətbiq etməyə başladıqda vəziyyət dəyişdi. Çin iqtisadi qüdrətini dünya güclərinin bir sıra planlarının pozulması istiqamətində istifadə etməyə, daha çox mənfəət əldə etməyə, hətta Şərqi Asiyanın ABŞ-ın birbaşa nüfuz dairəsinə daxil olan Yaponiya, Cənubi Koreya kimi ölkələrinə təhdidlər yaratmağa başladı. Hazırda Çinin nüfuz dairəsinin daralması, verilən güzəşt və imkanların bir hissəsinin məhdudlaşdırılması, Çində olan böyük şirkətlərin öz istehsallarının başqa ölkələrə çıxarılması prosesi gedir. Sakit, səssiz, tədricən baş verən bu proseslərin çətinliyi, həm də ölkəmiz daxil olmaqla bir çox ölkələrə yaratdığı imkanlar, çətinliklərə fokuslanaq.

Bahalı, brend və lüks məhsullar istehsal edən şirkətlər dilemma qarşısındadırlar. Səbəbini daha aydın olması üçün bir sənaye sahəsi, Almaniyanın maşın sənayesi misalında maksimum sadə bir şəkildə izah etməyə çalışacam. Bu gün Mercedes, BMW, Audi kimi nəhəng markalar bazarlarını xüsusilə Yaponiya və Cənubi Koreyanın Toyota, Hyundai, Kia kimi markalarına uduzmaqdadır. Çünki, bu markaların maya dəyərləri (xüsusilə işçi qüvvəsi) yüksəkdir, bu markalara qulluq etmək bahalıdır, hazırki dövrdə insanlar daha qənaətcil avtomobillərə üstünlük verirlər, rəqib markalar da sürətlə inkişaf edirlər. Bu səbəbdən Almaniya özünün bütün istehsalını yalnız Almaniyada təşkil edə bilməz. O cümlədən ABŞ-ın hazırda Çin bazarında olan texnoloji şirkətləri. Bu markalar öz xidmət və istehsallarını təşkil etmək üçün alternativ bazarlar axtarışındadırlar. Rusiyadan da çəkilən bir çox xarici şirkətlər regional istehsal və xidmət mərkəzləri haqqında düşünürlər. Hazırda bu prosesdən ən çox yararlanan ölkələrdən biri Vietnamdır. Ucuz işçi qüvvəsi qüvvəsi vacibdir, lakin yeganə amil deyil. Biznesi cəlb etmək üçün bir neçə həlledici iqtisadi siyasətlər həyata keçirilməsi də şərtdir. (Yaxın müddətdə bu ölkəyə səfər edərək özümdə yaranan bir sıra suallara cavab tapmağı düşünürəm).

Lakin, məsələ Vietnam və digər bir neçə ölkə ilə bitmir. Qafqazın və Orta Asiya üçün məhz dünyanın nəhəng markalarının regionda xidmət və istehsallarını təşkil etmək imkanları yaranmışdır. Təəssüf ki, Qafqaz bu məsələdə digər regionlarla müqayisədə bir addım geri qalır ki, bunun da əsas səbəbi Ermənistanın qeyri-müəyyən, ziddiyyətli davranışlarıdır. Əslində Ermənistan özü də yaranmış imkanları dərk edir, lakin kənar qüvvələr Qafqazın həqiqətən inkişaf etməsinin qarşısını almaq üçün ciddi təzyiqlər formalaşdırmaqdadırlar. Müsbət məqamlar isə budur ki, ölkəmizdə iri neft şirkətləri fəaliyyət göstərir, siyasi sabitlik, təhlükəsizlik yüksək səviyyədədir və işçi qüvvəsi də Asiyaya və bir sıra ölkələrə nisbətən baha olsa da Avropaya nisbətən ucuzdur. Sadaladığım bu məqamlar biznes üçün  həlledici rol oynayan əsas məqamlardan bir neçəsidir. Xarici markaların cəlbində ciddi rəqabət formalaşmaqdadır və burada əsas məsələ düzgün təşviq mexanizmlərinin formalaşdırılmasıdır.

İri markaların hər hansı bir ölkədə öz istehsalını təşkil etməsi həm də həmin şirkətlərə xidmət edəcək yerli kiçik peyk şirkətlərin yaranması, kiçik və orta sahibkarlığın formalaşması və inkişafı, iqtisadi fəallığın, dövriyyənin artmasıdır. Ən əsası isə əmək bazarında bir çox aktual məsələlərin həlli, peşəkar işçi heyətlərinin formalaşması, məşğulluğun artmasıdır. Yuxarıda qeyd etdiyim kimi, əmək bazarında mövcud tendensiyalar hər bir ölkədə bu sahədə konseptual və strateji hədəflərlə üst-üstə düşən strateji istiqamətlərin müəyyən olunmasını labüd edir.

Formalaşmaqda olan yeni iqtisadi gerçəkliklər əmək bazarına tamamilə yeni konseptual baxışı zəruri etməkdədir. Bütövlükdə dünyanın və o cümlədən ayrı-ayrı ölkələrin əmək bazarlarındakı mövcud tendensiyalar 5-10 il sonrakı dövr üçün ciddi narahatlıq doğurur. Bir neçə köklü səbəblər olsa da, yalnız ikisini qeyd etmək kifayətdir. 1) Məşğulluğun səviyyəsinin aşağı olması iqtisadi fəallığın, büdcə daxilolmalarının, rifahın aşağı olmasıdır; 2) Hazırda diqqət edirsinizsə inkişaf etmiş ölkələr işsizlik səviyyələri aşağı olsa da, aktiv miqrasiya siyasətləri həyata keçirmirlər. 20-30 il öncəki dövrlərdən fərqli olaraq, indi iqtisadiyyatların müxtəlif işçi qüvvələrinə ehtiyacları texnologiyanın inkişafı nəticəsində zəifləyir. İndi miqrasiya seçmə üsulla həyata keçirilir. İntellekti yüksək, texnoloji sahələrdə potensialı olan, investisiya qoyan, iş yerləri yaradan, maddi imkanları yüksək olan şəxsləri cəlb edirlər. Bu cür şəxslərin ölkədən getməsi isə əmək bazarı üçün gələcəkdə ikiqat təzyiq formalaşdırır. Yəni, işçi axını beyin axını ilə əvəzlənir. Əvvəllər hər hansı bir ölkədən ABŞ, Avropa, Kanada və digər inkişaf etmiş ölkələrə gedən bir beyin ilə yanaşı 20-30 orta və aşağı təhsilə malik işçilər gedirdilərsə, indi yalnız 1 beyin (hətta ailəli deyil, subay kadrlara daha çox üstünlük verirlər) tələb olunur. O gedən beyin isə yetişdiyi ölkə üçün ikiqat, üçqat zərərdir. Dünya ölkələrinin 90 faizi inkişaf etmiş 10 faiz ölkələr üçün xərc çəkərək beyin, peşəkar kadrlar yetişdirməklə məşğul olmağa başlayıblar. Çox incə mexanizm formalaşır.

Növbəti aydan etibarən ölkəmizin əmək bazarında daşlaşmış bir sıra yanlış fikirlərin yenidən formalaşmasına səbəb ola biləcək tədqiqat və fikirlərimiz təqdim olunacağı üçün bu məsələyə hələlik daha çox yer ayırmadan fikirləri yekunlaşdırmaq daha məqsədəuyğundur.

Nəhayət son dövrlərin ən böyük müzakirə mövzularından biri olan Türk Dövlətləri Təşkilatının tədbirləri, Türk Dövlətləri Birliyinin formalaşması. İqtisadi əlaqələrlə bağlı düşündürücü dilemmalar mövcuddur. Bu dövlətlərin iqtisadi infrastrukturlarının oxşar olması, eyni növ məhsul (məsələn, kənd təsərrüfatı məhsulları) istehsalı, Türkiyə istisna olmaqla (burada da yüksək texnologiya ilə bağlı məhdudiyyətlər çoxdur) texnoloji məhsulların istehsalının demək olar ki, çox aşağı olması, logistika məsələləri və sair. Lakin, potensial imkanlar çoxdur. Qarşılıqlı turizm imkanları, logistika, bir ölkənin markasının, məhsulunun digər ölkədə istehsalının təşkili və sair. Bu birliyin logistika problemlərinin həlli və aktiv əməkdaşlığı dillərin bir-biri ilə yaxınlaşması, daha böyük ortaq bazar və daha böyük imkanlar, həm də inkişafa aparacaq rəqabət deməkdir. Türkiyə istisna olmaqla digər türk dövlətləri indiyə qədər kiçik, lokal bazarla kifayətlənib. Böyük bazar yaratmaq və bu böyük bazarın imkanlarını qiymətləndirərək maksimum istifadə edə bilmək bu prosesin üstünlüklərini göstərəcək. Qısası, potensial imkanları tapmaq, dünyada gedən dəyişikliklər və yaranmaqda olan vəziyyətdən maksimum istifadə edə bilmək üçün doğru strateji hədəfləri müəyyən etmək və həyata keçirməklə dilemma və çətinlikləri dəf etmək Türk Dövlətləri Təşkilatı kimi əsas strateji hədəflərimizdən biri olmalıdır.

Müəllif
Elman Sadıqov
iqtisadçı-ekspert

Son xəbərlər
Digər xəbərlər
X