Qlobal Dialoq Platformasında Azərbaycan həqiqətləri

IV Şuşa Qlobal Media Forumunda regional reallıqlar və ölkəmizin üstün mövqeyi ən ali səviyyədə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı

Azərbaycan qlobal miqyaslı siyasi, iqtisadi və humanitar beynəlxalq tədbirlərə ardıcıl olaraq uğurla evsahibliyi edir. Buna paralel olaraq ölkəmizin özünü dünyaya təqdim etdiyi iqtisadi, siyasi və media platformaları da ildən-ilə öz nüfuzunu artırmaqdadır. Bu baxımdan 2022-ci ildən fəaliyyətə başlamış Şuşa Qlobal Media Forumunun uğurları xüsusilə diqqəti cəlb edir.

Artıq ənənəvi xarakter alan Şuşa Qlobal Media Forumu beynəlxalq informasiya məkanında xüsusi çəkisi olan nüfuzlu dialoq platforması kimi özünü təsdiqləyib.

İyulun 13-14 tarixlərində Şuşada keçirilən IV Qlobal Media Forumu təkcə peşəkar media nümayəndələrinin fikir mübadiləsi apardığı məkan deyil, həm də Azərbaycanın Avrasiya coğrafiyasında sülh, təhlükəsizlik və tərəfdaşlıq siyasətini bəyan etdiyi strateji kürsüyə çevrildi. Mötəbər forumda diqqət mərkəzində olan məqamlardan biri Azərbaycan Prezidenti İlham Əliyevin xarici media nümayəndələrinin çoxsaylı suallarına verdiyi dolğun və məntiqli cavablar oldu.

Dövlətimizin başçısı beynəlxalq ictimaiyyət qarşısında ölkəmizin xarici siyasət prioritetlərini, regional baxışını və qlobal reallıqları konkret faktlarla diqqətə çatdıraraq, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə birbaşa ötürülməsini təmin etdi, informasiyanın gücünü ən yüksək formada nümayiş etdirdi. Prezident İlham Əliyevin forumda səsləndirdiyi mühüm fikirləri və önəmli mesajları qərəzli dairələrin təxribatçı təşəbbüslərini təkzibolunmaz tarixi və hüquqi faktlarla neytrallaşdırdı.

Bu proses əslində dövlətimizin başçısının illərdir uğurla həyata keçirdiyi informasiya siyasətinin tərkib hissəsi və davamıdır. Prezident İlham Əliyev hələ 44 günlük Vətən müharibəsi dönəmində xarici media orqanlarına verdiyi 30-dan çox ardıcıl müsahibələrlə düşmənə və onlara dəstək verən qərəzli xarici dairələrə qarşı güclü ideoloji sipər rolunu oynadı. Məhz dövlətimizin başçısının sayəsində cəbhədəki üstünlüyümüz ideoloji müstəviyə daşındı. Bu amil media orqanlarımızın fəaliyyətinə də müsbət təsirini göstərdi. Jurnalistikamız həm münaqişənin tarixi, həm hazırkı vəziyyət və Azərbaycanın mövqeyi ilə bağlı kifayət qədər tutarlı arqumentlərlə silahlandı.

Prezident İlham Əliyev informasiya cəbhəsində mübarizəsini postmüharibə dövründə də davam etdirdi. Dövlətimizin başçısının 2021-ci il fevral ayının 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında səsləndirdiyi tarixə, beynəlxalq hüquqa və ədalətə əsaslanan məntiqli fikirləri dünyanın aparıcı KİV-nin gündəmində, əsas xəbər başlıqlarında yayıldı, Azərbaycan həqiqətləri bütün dünyaya çatdırıldı. Bu baxımdan qeyd etmək lazımdır ki, Azərbaycanın milli maraqlarını uca tutan Prezident İlham Əliyevin prinsipial mövqeyi hərb, diplomatiya meydanında olduğu kimi, informasiya savaşında da uğurlarımızı şərtləndirdi və tarixi Qələbəmizin əsasını qoydu.

Şuşa Qlobal Media Forumu informasiya müharibəsində qazanılan böyük qələbənin və ölkəmizin diplomatiya gücünün bu gün də ən yüksək səviyyədə davam etdirilməsinin bariz nümunəsidir. Ələlxüsus, 30 ilə yaxın işğal altında qalmış Şuşanın bu gün qlobal beyin mərkəzlərinin və aparıcı media rəhbərlərinin dialoq məkanına çevrilməsi ölkəmizin hərbi zəfərini informasiya müstəvisində də taclandırdığının əyani göstəricisidir.

Dövlətimizin başçısının çıxışında bir çox aktual məqamlarla yanaşı, hazırda qlobal əhəmiyyət kəsb edən enerji təhlükəsizliyi və beynəlxalq əməkdaşlıq məsələləri də xüsusi yer tutdu. Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan uzun illərdir etibarlı enerji tərəfdaşı kimi fəaliyyət göstərir və bu gün Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Cənub Qaz Dəhlizi, yaşıl enerji layihələri və yeni ixrac marşrutları ölkəmizin beynəlxalq əhəmiyyətini daha da artırır. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən bu layihələr təkcə iqtisadi deyil, həm də geosiyasi baxımdan mühüm əhəmiyyət daşıyır.

Hazırda Azərbaycanın boru kəmərləri vasitəsilə təbii qaz ixrac etdiyi ölkələrin sayı 16-ya çatıb. Onlardan 14-ü Avropa dövlətidir. Bu göstərici ölkəmizi boru kəmərləri ilə qaz ixracının coğrafi şaxələndirilməsinə görə dünyada ön sıralardan birinə yüksəldib. Türkiyə, İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Serbiya kimi ölkələrdən sonra ixrac coğrafiyasının daha da genişlənməsi Azərbaycan qazına olan qlobal tələbatın ən böyük göstəricisidir.

Dövlətimizin başçısı Forumda çıxışı zamanı bu ildən Almaniya və Avstriyaya qaz ixracına başlanılmasını qlobal qaz bazarında mövqeyimizi genişləndirməyə yönəlmiş ümumi strategiyanın tərkib hissəsi adlandırıb: “Avropa bazarı yüksək qiymətlərin formalaşdığı, bizim üçün premium hesab edilən bazardır. Buna görə də ixrac imkanlarımızı daha da genişləndirməkdə olduqca maraqlıyıq. Bəli, hazırda biz boru kəmərləri vasitəsilə 16 ölkəyə qaz tədarük edirik və boru kəməri ilə qaz ixracının coğrafi əhatəsinə görə dünyada birinci yerdəyik”. Prezident İlham Əliyev bunun son olmadığını, qarşıda əlavə imkanların olduğunu söyləyib.

Azərbaycan öz zəngin karbohidrogen ehtiyatlarının ixracı ilə kifayətlənmir, həm də qlobal iqlim çağırışlarına adekvat cavab verərək yaşıl enerji diplomatiyasına keçid edir. Qarabağ və Şərqi Zəngəzurun, həmçinin Xəzər dənizinin nəhəng külək və günəş potensialının dövriyyəyə cəlb edilməsi bu strategiyanın əsasını təşkil edir. Daxili qaz istehlakının yaşıl enerji hesabına əvəzlənməsi ölkənin ixrac portfelini daha da gücləndirəcək və Azərbaycanı yaxın gələcəkdə Avropaya ekoloji cəhətdən təmiz elektrik enerjisi ixrac edən əsas regional liderə çevirəcək.

Nəticə etibarı ilə, forum çərçivəsində Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Azərbaycanın müasir xarici siyasət kursunun əsas istiqamətlərini və iqtisadi hədəflərini nümayiş etdirdi. Dövlətimizin başçısı ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı rolu, regional sabitliyə verdiyi töhfələri, çoxtərəfli əməkdaşlığa sadiqliyini və milli maraqlara əsaslanan müstəqil siyasətini konkret faktlarla diqqətə çatdırdı. Bütün bunlar göstərir ki, Azərbaycan artıq yalnız regionun deyil, daha geniş coğrafiyanın etibarlı tərəfdaşı və mühüm siyasi aktorlarından biri kimi qəbul edilir. Məhz buna görə də Şuşadan verilən mesajlar beynəlxalq ictimaiyyət tərəfindən böyük maraqla izlənilir və ölkəmizin qlobal proseslərdə artan rolunun növbəti təsdiqi kimi dəyərləndirilir.

Akademik Ziyad Səmədzadə

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər