18 C
Baku
Tuesday, June 24, 2025

Qlobal fintex bazarının həcmi 2030-cu ildə $698 mlrd.-a çatacaq

“Fintexlər, sadəcə, texnologiya tətbiq edən yeni startaplar deyil, həmçinin, ənənəvi maliyyə modellərini sarsıdan və yenidən formalaşdıran dəyişiklik mexanizmləridir. Xarici ekspertlərin araşdırmalarına əsasən, qlobal fintex bazarının həcmi 2030-cu ildə 698.48 milyard ABŞ dollarına çatacaq. Bu, təsadüfi rəqəm deyil, yeni dövrün reallığıdır”.

Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, professor Vüsal Qasımlı bu gün Bakıda keçirilən “FINTEX SUMMIT 2025 – Maliyyə və Texnologiyalar Sərgisi”ndə çıxışı zamanı deyib.

O bildirib ki, bu proqnoz bizə onu göstərir ki, fintex sektoru artıq, sadəcə, maliyyə xidmətlərinin rəqəmsallaşması deyil, o, iqtisadi artımın aparıcı mühərrikinə çevrilməkdədir:

“O cümlədən, “McKinsey”nin son araşdırmalarına əsasən, İT liderlərinin 77 faizi süni intellektə investisiya qoyuluşu etməyi planlaşdırır. BCG-nin araşdırmalarına görə, bankçılıq və sığorta sektorunda hələ də 13 trilyon dollardan çox gəlir mövcuddur ki, bu da fintex üçün geniş potensial deməkdir. Bu isə bizə açıq şəkildə göstərir ki, süni intellekti fəaliyyətinin mərkəzində tutan fintexlər yaxın gələcəkdə aydın rəqabət üstünlüyü qazanacaqlar”.

“Hesab edirəm ki, banklar bu innovasiyaları rəqib deyil, strateji tərəfdaşlıq imkanı kimi qiymətləndirməlidir. Əminliklə söyləmək olar ki, bank-fintex əməkdaşlığı vasitəsilə həm xərclər azalır, həm də daha çevik və fərdiləşdirilmiş məhsullar təklif olunur.

Bankların etimad, kapital və tənzimləyici təcrübə gücü ilə fintex şirkətlərin çeviklik və innovasiya gücü birləşdikdə ortaya hibrid və daha güclü maliyyə modelləri çıxır. Nəticə etibarilə, bir çox banklar özlərinin fintex qollarını yaradır və ya startaplarla əməkdaşlıq edir. Digər tərəfdən, fintex sektoru yalnız maliyyə texnologiyalarını deyil, bütün iqtisadi sistemin fəaliyyət prinsiplərini dəyişir. Bu transformasiyanı düzgün yönləndirmək üçün innovasiyaya açıq olmaqla yanaşı, tənzimləmə, etika və əməkdaşlıq balansını qorumaq vacibdir”, – deyə V.Qasımlı qeyd edib.

MənbəOXU.AZ
Son xəbərlər
Digər xəbərlər