“Mergermarket” tərəfindən təqdim edilən məlumatlarına görə, cari ilin birinci yarısında qlobal səhmdar kapitalı bazarlarında əməliyyatların həcmi illik ifadədə 73,1% artaraq 729,4 milyard dollara çatıb.
Bu göstərici tarixdə həmin dövr üçün ikinci ən yüksək nəticədir. Daha yüksək nəticə yalnız mərkəzi bankların son dərəcə yumşaq pul siyasəti fonunda pandemiya dövrü olan 2021-ci ildə qeydə alınıb.
İlin ilk altı ayında IPO bazarının lideri ABŞ olub. “New York Stock Exchange” və “Nasdaq” debütant şirkətlərə təxminən 142 milyard dollar vəsait cəlb etməyə kömək edib ki, bu da bütün ilkin yerləşdirmələrin həcminin 75%-dən çoxunu təşkil edir. Avropada isə bu göstərici cəmi 13,3 milyard dollar olub.
Daha əvvəl birjada listinqdən keçmiş şirkətlərin əlavə səhm yerləşdirmələrinin (follow-on offerings) ümumi həcmi birinci yarımildə 37% artaraq 370 milyard dolları ötüb.
Altı ay ərzində cəlb olunan vəsaitin təxminən 30%-i texnologiya şirkətlərinin payına düşüb. İyun ayında “SpaceX”in rekord həcmdə – 86,2 milyard dollarlıq IPO-su nəzərə alındıqda, bu göstərici 302 milyard dollar və ya ümumi həcmin 41,4%-ni təşkil edib. “Dealogic” şirkəti “SpaceX”i aerokosmik şirkətlər kateqoriyasına aid edir.
“The Wall Street Journal” yazır ki, texnologiya sektoru tarixdə yalnız iki dəfə – 2000 və 2021-ci illərin ilk yarısında – 100 milyard dollardan çox vəsait cəlb edib və hər iki halda bu, bazar üçün mənfi nəticələrin xəbərçisi olub. 2000-ci ilin martı dot-kom köpüyünün zirvə nöqtəsi, 2021-ci ildəki IPO dalğasından sonra isə 2022-ci ilin ilk yarısında “Nasdaq” indeksinin kəskin enişi baş verib.
Xatırladaq ki, 2026-cı ilin birinci yarısında qlobal birləşmə və satınalma (M&A) əməliyyatlarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 30% artaraq 2,6 trilyon dollara çatıb.







