İsveçrənin UBS bankının illik Global Wealth Report hesabatında bildirilir ki, 2025-ci ildə dünyada ev təsərrüfatlarının sərvəti dollar ifadəsində 10,8% artıb.
Bu, 2017-ci ildən bəri ən yüksək artım tempidir. Müqayisə üçün, 2024-cü ildə göstərici 4,2%, 2025-ci ildə isə 4,6% artmışdı.
Ötən il Asiya-Sakit Okean regionunda yaşayan insanların sərvəti 5,9%, Şimali və Cənubi Amerikada 8,5%, EMEA regionunda (Avropa, Yaxın Şərq və Afrika) isə 17,5% artıb.
Yeni dollar milyonçularının sayı təxminən 1 milyon nəfər və ya 1,5% artıb. Bu artım əsasən fond bazarlarındakı yüksəliş hesabına baş verib.
ABŞ-də dollar milyonçularının sayı 441 min nəfər, Böyük Britaniyada 43 min nəfər artıb. Fransa, İspaniya, Yaponiya və Hindistanda isə hər birində 30 mindən çox yeni milyonçu meydana gəlib.
UBS-in məlumatına görə, hazırda dünyada təxminən 57,5 milyon dollar milyonçusu var. Onların 23,6 milyondan çoxu, yəni 40%-i ABŞ-də yaşayır.
Bütün milyonçuların 25,5%-i Qərbi Avropa ölkələrinin, 11,7%-i Çinin, 9,9%-i isə Cənub-Şərqi Asiyanın payına düşür.
Dünyada dollar milyarderlərinin sayı bir il ərzində 383 nəfər və ya 13,1% artaraq 3,3 mini keçib.
Ən varlı sakinlərə malik ölkə olaraq İsveçrə liderliyini qoruyub saxlayıb. Bu ölkədə adambaşına düşən orta sərvət 910,38 min dollar təşkil edir. İkinci yerdə 696,28 min dollar göstəricisi ilə ABŞ qərarlaşıb.
Üçüncü yerə dördüncü pillədən yüksələn Lüksemburq çıxıb. Burada orta sərvət 654,73 min dollar təşkil edir. Bununla da Lüksemburq 648,27 min dollar göstəricisi ilə Honqonqu geridə qoyub.
İlk beşliyi 616,31 min dollar göstəricisi ilə Avstraliya tamamlayır.
Bununla yanaşı, vətəndaşların median sərvət göstəricisinə görə lider Lüksemburqdur. Bu göstərici üzrə İsveçrə səkkizinci, ABŞ isə 28-ci yerdə qərarlaşıb.







