Azərbaycan əsilli rusiyalı iş adamı Qod Nisanov artıq Ümumdünya Yəhudi Konqresinin vitse-prezidenti deyil.
Bu barədə Dünya Yəhudi Konqresinin saytında xəbər verilib.
“Ümumdünya Yəhudi Konqresi bir daha təkrar edir və təsdiqləyir ki, ABŞ, Böyük Britaniya və ya Avropa İttifaqının Ukraynadakı münaqişə ilə bağlı sanksiyalarına məruz qalan şəxslərin siyahısında olan heç kim təşkilatda hər-hansı vəzifə tuta və ya hər-hansı rol oynaya bilməz. Müvafiq olaraq, Qod Nisanov artıq təşkilatın vitse-prezidenti deyil və İcraiyyə Komitəsində fəaliyyətini dayandırır”, – deyə məlumatda vurğulanıb.
Xatırladaq ki, iyunun 2-də ABŞ Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib. Siyahıda “Kiyevskaya ploşad” şirkətlər qrupunun Direktorlar Şurasının sədri Qod Nisanovun da adı var.
Qeyd edək ki, Qod Nisanov 1972-ci ildə Azərbaycanın Quba rayonunun Qırmızı qəsəbəsində anadan olub.