3 Sentyabr 2014-cü il tarixində QoldenPey şirkətinin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilmişdir. Iclasda şirkətin növbəti 5 ilə inkişaf strategiyası və onun icra mexanizmləri müzakirə olunmuşdur. Səhmdarlar strategiyanın icrası üçün tələb olunan maliyyə resurslarının bir hissəsinin şirkətin səhmlərinin birjada kütləvi satışı (İPO) vasitəsilə cəlb edilməsinə qərar vermişdir.
Bununla əlaqədar, şirkətin idarə heyətinə İPO şərtlərinin müəyyənləşdrilməsi və digər investisiya bankçılığı xidmətlərinin alınması üçün PaşaBank ASC ilə müqavilə imzalamaq səlahiyyəti verilmişdir.
Azərbaycanda ilk dəfə baş verəcək olan səhmlərin kütləvi satışı (İPO) ilə bağlı məlumatlar prosesin gedişatına uyğun olaraq ictimaiyyətə açıqlanacaq.
QoldenPey şirkəti Azərbaycanın ən böyük ödəmə portalı olan hesab.az portalının sahibidir. Hesab.az portalı kommunal, mobil və stasionar telefon, internet, kabel televiziyası və bir sıra digər ödənişlərlə yanaşı, kredit ödənişi, icbari sığortaların onlayn alınmasına da imkan yaradır.