9 C
Baku
Friday, December 13, 2024

Qrant layihəsi çərçivəsində ayrılan vəsaitə görə fiziki şəxsin vergi öhdəliyi yaranırmı?

Təhsil Nazirliyinin keçirdiyi qrant müsabiqəsində qalib olmuşam. Nazirlik tərəfindən bank hesabıma 2500 manat köçürülüb. Həmin vəsaiti son manatınadək təinatı üzrə xərclərə yönəltmişəm. Burada mənim heç bir gəlirim olmayıb. Mənə vergi, DSMF, tibbi sığorta ödəmələri hesablanıb. Bu, düzgündürmü?

Dövlət Vergi Xidmətindən bildiirilib ki, “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin müddəalarına əsasən qrant – humanitar, sosial və ekoloji layihələri, müharibə və təbii fəlakət nəticəsində ziyan çəkmiş ərazilərdə dağılmış istehsal, sosial təyinatlı obyektlərin və infrastrukturun bərpası üzrə işləri, təhsil, səhiyyə, mədəniyyət, hüquqi məsləhət, informasiya, nəşriyyat və idman sahələrində proqramları, elm, tədqiqat və layihələşdirmə proqramlarını, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən digər proqramları hazırlamaq və həyata keçirmək üçün bu Qanunla nəzərdə tutulmuş qaydada göstərilən yardımdır. Qrant yalnız konkret məqsəd (məqsədlər) üçün verilir.

Qrant maliyyə vəsaiti şəklində və (və ya) başqa maddi formada verilir.

Buna əsasən sorğuda göstərilən halda, Təhsil Nazirliyi tərəfindən ayrılan qrant qanunvericiliyə uyğun olaraq rəsmiləşdirilməklə tam məbləğdə təyinatı üzrə sərf edildiyi halda (daxil olan məbləğ tam xərcləndiyi halda hesabat ilində gəlir əldə edilmir) qrant müqaviləsi üzrə resipiyent olan şəxsin qrant vəsaitindən vergi öhdəliyinin yaranması Vergi Məcəlləsində nəzərdə tutulmamışdır.

Eyni zamanda, “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununun 5.3-cü maddəsinə əsasən bu Qanuna müvafiq olaraq qrant kimi alınan pul vəsaitinin məcburi dövlət sosial sığortasına cəlb olunması “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində məcburi dövlət sosial sığorta haqlarından azad olunan gəlir növləri sadalanmış və həmin maddənin 12-ci abzasında maddi yardımın sosial sığorta haqqından azad olunduğu göstərilmişdir.

“Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-2.2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri, mediatorlar) sığortalı qismində özləri çıxış edirlər.

Qeyd olunanlara əsasən, sorğuda göstərilən halda, qrant üzrə resipiyent olan fiziki şəxsin qrant layihəsi çərçivəsində ona ayrılan vəsaitə görə sosial sığorta haqqı və icbari tibbi sığorta haqqı ödəmək öhdəliyi yaranmır.

Əsas: Vergi Məcəlləsi, “Qrant haqqında”, “Sosial sığorta haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanunları.

Son xəbərlər
Digər xəbərlər