“Qualcomm” şirkəti “Arduino”nu (mikrokontrollerlər və tək platalı kompüterlər üçün aparat həlləri və proqram təminatı hazırlayan italyan istehsalçısı) satın aldığını elan edib. Bununla belə, “Arduino” öz brendi altında fəaliyyətini davam etdirəcək, açıq mənbə kodu fəlsəfəsini və müxtəlif istehsalçıların avadanlıqlarına dəstəyi qoruyacaq.
Saziş nəticəsində 33 milyondan çox aktiv “Arduino” istifadəçisi “Qualcomm”un texnologiyalarına, o cümlədən süni intellekt və əşyaların interneti (IoT) sahəsindəki həllərinə çıxış əldə edəcək. “Qualcomm”un gözləntilərinə görə, bu əməkdaşlıq məhsul yaradılmasını sürətləndirəcək və prototiplərin bazara çıxarılmasını asanlaşdıracaq
İlk birgə məhsul “Arduino Uno Q” lövhəsi olub — o, “Qualcomm Dragonwing QRB2210” prosessoru əsasında hazırlanıb. Lövhə həmçinin STM32U585 mikrokontrolleri ilə təchiz edilib. “Arduino Uno Q” “Linux” tətbiqlərini işə salmaq üçün nəzərdə tutulub və robot texnologiyaları, “IoT” və sənaye layihələri üçün uyğundur. Qurğu Wi-Fi və Bluetooth dəstəyinə malikdir.
“Qualcomm” şirkətinin “Automotive” və “IoT” bölməsinin rəhbəri Nakul Duggal bildirib:
“Arduino dinamik qlobal inkişafçılar icması yaradıb. Onların yanaşmasını bizim texnologiyalarımızla birləşdirərək, milyonlarla proqramçıya ağıllı həlləri sürətlə yaratmaq və kommersiyalaşdırmaq üçün rahat alətlər təqdim edirik”.