19 C
Baku
Friday, October 4, 2024

Quba-Xaçmaz iqtisadi rayonunda 76 sahibkara 7 milyon manat güzəştli kredit verildi

Avqustun 7-də İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən 76 sahibkara 7 milyon manat güzəştli kredit verildi.

Kreditlər əsasən logistik mərkəzin yaradılması, heyvandarlıq, bağçılıq, quşçuluq, tərəvəzçilik və digər sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 270-ə yaxın yeni iş yerinin açılması mümkün olacaq.

Sahibkarlara güzəştli kreditlər İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Xaçmaz şəhərindəki Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində keçirilən işgüzar forum çərçivəsində təqdim edildi.

İşgüzar forumun məqsədi aqrar sektorda intensiv metodların tətbiqi, istehsalın keyfiyyətli və səmərəli təşkili, emalçılar ilə istehsalçılar arasında kooperasiya və bərabərhüquqlu müqavilə münasibətlərinin möhkəmləndirilməsinin stimullaşdırılması, fermerlərin dövlətin dəstək mexanizmlərindən, o cümlədən güzəştli kreditlərdən və lizinq xidmətlərindən daha səmərəli istifadə etməsidir. Bundan əlavə, daxili bazarın yerli məhsullarla təmini edilməsi və ixrac imkanlarının artırılması, Xaçmazda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələrin təqdimi, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi, sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsi məsələləri də forumun əsas müzakirə mövzusu oldu.

İşgüzar forum çərçivəsində Xaçmaz rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan müasir çörək istehsalı və ət kəsimi müəssisələrinin, ixtisaslaşdırılmış “yaşıl market”in, kiçik fermer mağazalarının, intensiv bağçılıq təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirildi.

Tədbirdə Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən alma istehsalçıları ilə emal müəssisələri və logistik mərkəzlərin rəhbərləri arasında istehsal olunan məhsulun itkiyə getmədən saxlanmasının təmin edilməsi, emal müəssisələrinə verilməsinin təşkili məqsədilə müzakirələr aparıldı. Müzakirələrdə iqtisadi rayona daxil olan rayonlarda alma tədarükü məntəqələrinin yaradılması təklif edildi.

Diqqətə çatdırıldı ki, tədarük məntəqələrinin yaradılması respublikanın alma istehsalında ən böyük paya malik Quba-Xaçmaz iqtisadi rayonunun iqtisadi potensialından maksimum istifadə olunmasına imkan verəcək, istehsal edilən almanın səmərəli istifadə olunmasına, itkisiz və vaxtında emal zavodlarına çatdırılmasına şərait yaradacaq.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirdi ki, 2014-cü ilin ötən dövrü ərzində 3164 sahibkara 179,8 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 7 mindən çox yeni iş yerinin yaradılmasına imkan yaradır. Ümumilikdə, indiyədək Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1679 investisiya layihəsinin maliyyələşdirilməsinə (bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla) 118,8 milyon manat güzəştli kredit verilib.

Forum çərçivəsində Xaçmaz rayonunda güzəştli kredit ayrılan meyvə-tərəvəz emalı zavodunun və logistik mərkəzin fəaliyyətinə baxış keçirildi.

AzərTac

Son xəbərlər
Digər xəbərlər