İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti sosial şəbəkə fenomenləri, influenser və bloqerlərə qumar oyunlarının reklamı ilə bağlı xəbərdarlıq edib.
Banker.az xəbər verir ki, bu barədə Dövlət Xidmətindən məlumat verilib. Bildirilib ki, bir sıra internet resurslarında, o cümlədən sosial şəbəkə fenomenləri, influenser və bloqerlərə aid səhifələrdə keçirilməsi qadağan edilmiş və ya keçirilmə hüququ əldə edilməmiş stimullaşdırıcı lotereyaların və qeydiyyata alınmamış digər lotereyaların, idman mərc oyunlarının, qumar oyunlarının reklamının yayımlandığı müəyyən edilib.
Dövlət Xidməti tərəfindən reklam fəaliyyətinə dövlət nəzarəti məqsədilə mütəmadi olaraq monitorinqlər keçirilir, həmçinin qeyd edilən məsələ ilə bağlı Dövlət Xidmətinə daxil olan müraciətlər araşdırılır. Araşdırmalar zamanı Azərbaycan Respublikası ərazisində bir sıra internet resurslarında qumar oyunlarının reklamının yayımlandığı müəyyən edilib. Sözügedən reklamların yayımının dayandırılması, gələcəkdə bu kimi halların təkrar baş verməsinin qarşısının alınması ilə əlaqədar Dövlət Xidməti, eləcə də müvafiq sahədə inzibati xəta tərkibi üzrə protokol tərtib etmək səlahiyyəti olan digər inzibati orqanlar tərəfindən zəruri tədbirlər görülsə də, hələ də bir sıra internet portallarında bu kimi reklamların yayımlanması hallarına rast gəlinir.
Qeyd edilən hallarla əlaqədar, qanunvericiliyin tələblərinin pozulmasına görə bazar subyektləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar. Belə ki, qumar oyunlarının və ya belə oyunların təşkilatçısının (operatorunun) və satıcısının, həmçinin keçirilməsi qadağan edilmiş və ya keçirilmə hüququ əldə edilməmiş stimullaşdırıcı lotereyaların və qeydiyyata alınmamış digər lotereyaların reklamına görə fiziki şəxslər 3 min manat, vəzifəli şəxslər 7 min manat, hüquqi şəxslər isə 40 min manat məbləğində cərimə olunur.
Dövlət Xidməti qanunsuz reklamların yerləşdirilməsini təmin edən sosial şəbəkə fenomenlərinə, influenserə və bloqerlərə, bu reklamların yerləşdirilməsi ilə istehlakçıları aldadan və onlarda çaşqınlıq hissi yaradan bazar subyektlərinə bu kimi əməllərdən çəkinməklə bağlı xəbərdarlıq edir.