16 C
Baku
Thursday, November 21, 2024

Qvatemalalı bir evdar qadın McDonald’s üçün “Happy Meal” menyusunu necə yaratdı?

İolanda Kofinyonun əri gəlir gətirməyən McDonald’s restoranını satmaq qərarına gəldikdə, o, biznesi özü idarə edəcəyinə qərar verdi. Kofinyo ailə biznesini çoxmillətli şirkətə çevirməyi bacardı, onun ixtira etdiyi uşaq dəstləri isə bu gün bütün dünyada menyunun mühüm hissəsinə çevrildi.

McDonald’s-ın məhsullarından biri “Happy Meal” uşaq dəstləridir: kiçik porsiya yemək, içki və oyuncaq. Bu ideyanın müəllifliyi adətən şirkətin marketoloqlarına – bəzən Dik Bramsa, bəzən də Bob Bernşteynə aid edilir. Lakin bütün dünyada rəsmi təqdimatdan bir neçə il əvvəl belə dəstlər şəbəkənin Qvatemaladakı restoranlarında satılırdı. Onları çoxuşaqlı ana İolanda de Kofinyo düşünmüşdü.

İolanda 1934-cü ildə Çilidə diplomat ailəsində anadan olub. Məktəbi bitirdikdən sonra o, hüquq təhsili almaq niyyətində olsa da, xəstəlik səbəbindən planlarını təxirə salmağa məcbur olub. Hüququ fakültəsinin yerinə İolanda Qızıl Xaç Cəmiyyətinin Çili bölməsində işə başlayır. Onun 19 yaşı olanda atası Qvatemalaya səfir təyin olunur və bütün ailə oraya köçür. Bir neçə il sonra İolanda ailə həyatı qurur.

İyirmi il ərzində o, həmişə arzusunda olduğu evdar qadın və çoxuşaqlı ana həyatı yaşayırdı – 1974-cü ildə həyat yoldaşı McDonald’s franşizasını alana kimi. O illərdə şəbəkənin restoranları Qvatemala istisna olmaqla, bütün Latın Amerikasında işləyirdi. Cütlük paytaxtın mərkəzi rayonlarından birində ilk yeməkxana açmışdı.

Yemək və oyuncaqlar

Bir neçə il sonra İolandanın əri müəssisəni satmaq istədi, çünki iş getmirdi. Amma o, restoran açılışının onun üçün növbəti doğuş kimi olduğunu və bu qədər tez təslim olmayacağını bildirərək etiraz etdi. Həyat yoldaşına kömək etmək üçün İolanda restoranın komandasına qoşuldu və marketinqlə məşğul oldu. O, xatırlayırdı: “Mən düşünürdüm ki, bu, ev təsərrüfatını idarə etmək kimidir”.

Müştəri cəlb etmək üçün cütlük vaqonu ailə restoranına çevirməyə qərar verdi. Onlar məqsədinə çatdı, lakin bir problem var idi – uşaqlar böyük porsiyanı yeyib qurtara bilmirdilər. İolanda deyirdi: üç-dörd uşağın hər birinə bürger alan analar sadəcə olaraq pulu çölə atmış olurdular.

Onda İolanda kiçik hamburger, kartof və sodadan ibarət olan, şəbəkənin talismanının adını daşıyan “Ronald Menyusu”nu yaratdı və daha maraqlı olsun deyə dəstə oyuncaq da əlavə etdi. Əvvəlcə, İolanda Çində və ya Ərəbistanda düzəldilmiş ucuz oyuncaqlardan istifadə edirdi. Lakin indi onlar çox keyfiyyətlidirlər və bəzi müştərilər onlardan kolleksiya toplayırlar.

İolanda bu yeniliyi McDonald’s-ın mərkəzi ofisi ilə razılaşdırmamışdı. 1977-ci ildə Qvatemalaya səfər edən şirkət nümayəndələri onu bu haqda danışmağa dəvət etdilər. İdeya şirkətin Çikaqodakı baş qərargahında yüksək qiymətləndirildi. Məhz o dövrdə Bob Bernşteyn üzərində “Happy Meal” yazısı olan məşhur qırmızı qutunu yaratdı. “Xeyr, onlar mənimlə məsləhətləşmədilər”, – deyə İolanda ispandilli insan üçün belə bir adın qəribə səsləndiyini qeyd edərək söylədi.

2021-ci ilə olan məlumata əsasən, McDonald’s “Happy Meals” dəsti ilə ildə 1 milyarddan çox oyuncaq satdı. Burada kimin kimə pul ödədiyi açıqlanmır – lisenziatın lisenziya verənə və ya əksinə.

11

Bayramlar və mükafatlar

İolanda biznes strategiyasını təkmilləşdirmək üçün Çikaqo şəhərətrafı qəsəbəsindəki McDonald’s korporativ təlim mərkəzinə – “Hamburger Universitetinə” getdi. Orada seminarların birində ailə tətilləri haqqında danışırdılar və kimsə təklif etdi ki, franşiz ilə açılan restoranlar altı və ya yeddi uşağın iştirakı ilə keçiriləcək bayramlara uyğundur. İolanda əlini qaldırdı və dedi: “Mən yeddi uşağımla bayram qeyd edə bilmirəm, elə öz uşaqlarım beş nəfərdir”.

Bütün qonaqlara yer olsun deyə restoranlarda uşaqların əyləncəsi üçün xüsusi otaqlar təşkil edildi. Bu, McDonald’s-a bütün dünyaya yaydığı daha bir yenilik idi.

1999-cu ildə McDonald’s Guatemala 25 illik yubileyini qeyd edərkən İolanda yeni McDia Feliz bayramını yaratdı – həmin gün Big Mac satışından əldə edilən bütün gəlirlər xeyriyyəçiliyə gedirdi. O, bu aksiyanı Kanadada kəşf etmişdi.

Bütün bunlara baxmayaraq, o, uğurlu sahibkar olaraq qalırdı. İolanda bir vaxtlar gəlir gətirməyən biznesi çoxmillətli şirkətə çevirdi: 2006-cı ildə Salvador, Honduras və Nikaraqua da franşiza alaraq, McDonald’s Mesoamerica-ya qoşuldu. “Happy Meal” və uşaqlar üçün əyləncə otaqları ideyasına görə İolanda Ronald Prize mükafatını aldı.

2018-ci ildən o, görmə problemləri səbəbindən təqaüdə çıxdı və işini uşaqlarına həvalə etdi. 2021-ci ildə İolanda 87 yaşında dünyasını dəyişdi. “McDia Feliz” həmin il onun xatirəsinə həsr olunmuşdu.

Son xəbərlər
Digər xəbərlər