8 C
Baku
Friday, March 29, 2024

Rəqəmsal bank olmaq texnologiyadan daha artığını tələb edir

Maliyyə təşkilatları rəqəmsal transformasiya istiqamətində çalışdıqca məlum olur ki, bu proses üçün yeni texnologiyaların və həllərin tətdbiqindən daha çoxunu bacarmaq lazımdır.  Bu sahədə uğurlu olmaq üçün müştərilərin artan və dəyişən tələblərini qarşılamağa qadir olacaq bankçılıq mədəniyyəti yaradılmalıdır.

Rəqəmsal transformasiya dedikdə söhbət kiçik dəyişikliklərdən deyil, daha iri həcmli və icrası hətta illərlə vaxt tələb edən dəyişikliklərdən gedir. Bu yeniliklər yeni texnologiyaları, yeni strategiyaları, prosesləri və təşkilatı-hüquqi məsələləri əhatə edir ki, nəticədə əsas məqsəd məhsul yönümlü strategiyaların müştəri yönümlü strategiyalarla əvəz olunmasıdır.

Təbii ki, belə böyük miqyaslı rəqəmsal transormasiya bankların arxa ofis proseslərindən də yan keçməyəcək və onilliklər ərzində formalaşmış inteqrasiya və əməliyyat axınlarının da yenilənməsini tələb edəcək. Ən azından tamamilə yeni məlumat şəbəkəsi və məlumat bazası yeni yanaşma tələb edəcək.

Rəqəmsal transormasiyanın əsas əlamətləri

Rəqəmsal bir təşkilata çevrilmək sadəcə onlayn və mobil bankçılıq xidmətlərini təklif etməkdən daha böyük bir anlayışdır. Bu transformasiya bütün mümkün kanallarla müştərilərin iştirakını və qarşılıqlı dəstəyini tələb edir. Eyni zamanda müasir texnologiyalar vasitəsilə müştərilərlə əlaqələrin sadələşdirilməsi anlamına gəlir. Real rəqəmsal transformasiya hər bir inkişaf mərhələsində müştəri təcrübəsinə fokuslanmalıdır.

Digər tərəfdən, rəqəmsal təşkilata çevrilmək eyni zamanda əməkdaşların davranış və hərəkətlərini də əhatə edən bir prosesdir. Bu transformasiya əməkdaşların bir-biri ilə münasibətlərini və eyni zamanda kənar şəxslərlə də münasibətlərini əhatə etməlidir. Bu səbəbədən də rəqəmsal transormasiya məsuliyyət, rollar və təşkilatı strukturun da yeni sistemə uyğunlaşmasını tələb edəcək. Beləliklə, yeni strategiyaya uyğunlaşmaq maliyyə təşkilatlarından yeni daxili mədəniyyətin formalaşdırılmasını tələb edəcək. Biz bunu rəqəmsal mədəniyyət də adlandıra bilərik və yeni texnologiyalardan istifadə yeni daxili davranış və düşüncə tərzi yaradılmasını tələb edəcək.

Mədəniyyət dəyişikliyi niyə vacibdir?

Bir çox banklar və maliyyə təşkilatların rəqəmsal transformasiya dedikdə daha çox texnoloji aspektlərə fokuslanmalarına baxmayaraq, rəqəmsal mədəniyyət bu prosesin uğurlu olması üçün ən vacib elementdir. Mədəniyyət – qərarların qəbul olunmasını və strategiyaların necə tətbiq edilməsini müəyyənləşdirən ümumi davranışlar və dəyərlər kompleksidir. Bu səbəbdən istənilən təşkilatda bu dəyərlər, ilk növbədə, ən yüksək səviyyədə rəhbərlər tərəfindən dəstəklənməlidir. Çünki, hər hansı bir transformasiya barədə qərar verən şəxslər bu qərarın uğurlu olacağına özləri inandıqları qədər də ətrafdakıları inandırmalıdırlar. Doğurdan da, hətta ən başlanğıc səviyyədə çalışan əməkdaş belə icra etdiyi qərarların uğurlu olacağı inancına sahib deyilsə, bu zaman ən yaxşı halda həmin əməkdaş bütün potensialını səfərbər edərək çalışmayacaq.

Güclü mədəniyyət bütün işçilərin təşkilatın strategiyasını, məqsədlərini dəstəkləyən qaydalara, obrazlı şəkildə desək, brendin DNT-sini dəstəkləyən qaydalara uyğun çalışmalarını təmin edəcək bir gücdür. Məhz bu baxımdan rəqəmsal transformasiya prosesində mədəniyyət kimi vacib bir elementin nəzərə alınmaması bütün prosesin nəticəsini riskə atmaqla bərabər, bankın maliyyə göstəricilərinə də mənfi təsir edəcək.

Banklar və kredit təşkilatları rəqəmsal mədəniyyətə keçid etməklə qazanılmış çeviklik sayəsində qərarların qəbulu, çatdırılması və icrasında daha effektiv olacaqlar. Təsəvvür edin, siz ən azından sadə qərarların qəbulu prosesini texnologiyalara həvalə etməklə daha çətin və vacib qərarların qəbulu üçün müqayisə olunmaz zaman, çeviklik və rahatlıq üstünlüyü qazanmış olacaqsınız.

Rəqəmsal mədəniyyət daha çox müştəriyönümlü olmaqla bərabər, işçilərə müştərinin əvəzinə qərar vermək imkanı yaradır, daha innovativ və yaradıcıdır.

Rəqəmsal mədəniyyətin komponentləri

Məqalənin hazırlanması zamanı rəqəmsal mədəniyyətin elementləri barədə bir çox araşdırmalar üzərində təhlillərimiz göstərdi ki, əslində bu mövzuda vahid yanaşmanı müəyyənləşdirəcək standartlar yoxdur. Lakin, bir çox mütəxəssislərin fikirlərinə və təcrübəyə əsaslansaq, aşağıdakı elementlər haqqında danışmaq olar.

İnnovativlik. İstənilən halda rəqəmsallaşma yeni ideyalar, yeni trendlər və innovasiyalar deməkdir. Rəqəmsal mədəniyyət “öyrəşdiyimiz qaydada işləmək” anlayışından azad olaraq qeyri-standart düşüncə tərzi yaratmaqdır. Hər bir əməkdaş riskləri dərk edərək, onları qəbul etməli, öyrənməli, yenilənmə mentaliteti ilə bu prosesin bir hissəsi olmalıdır.

Məlumatlara əsaslanan. Rəqəmsal mədəniyyətə sahib olan bank məlumatları sadəcə təhlil və analitika üçün istifadə etməli deyil. Yəni məlumatlardan post-faktum deyil, onlayn rejimdə istifadə edilməli, istənilən zaman individual və ani qərarlar qəbulunu təmin edəcək bir sistem yaradılmalıdır.

Müştəriyə fokuslanmış. Rəqəmsal mədəniyyət müştəri yolçuluğuna və müştəri təcrübəsinə əsaslanmalıdır. Çünki yalnız bu halda ideyalar banka kənardan daxil ola bilər və qərarvermə prosesində istifadə olunaraq müştərilər üçün daha uyğun şərtlər yaradıla bilər.

Kollektiv və birlikdə iş. Adətən fiziki və virtual iş mühiti məhsul və xidmətlərin ətrafında strukturlaşdırılmamış halda olur və bu strukturlaşdırma departament, funksiyalar və məhsullar arasında qarışdırılmış olur. Əslində iş birliyi və düzgün kordinasıyanı nəzərdə tutan açıq strukturlaşma daha effektiv nəticələrə əsas ola bilər.

Həssaslıq və cəld reaksiya vermə. Rəqəmsallaşma böyük ölçüdə surət deməkdir. Bazar trendlərinə və müştəri ehtiyaclarına vaxtında reaksiya verə biləcək çevik sistem qurulmazsa, texnoloji yeniliklər effektiv olmayacaq.

Şəffaflıq. Güzlü rəqəmsal mədəniyyətin əsas komponentlərindən biri də şəffaflıqdır. İşçilər ideyalarının bölüşməsi və kommunikasiyalar məsələsində tam təhlükəsizlik hiss etməlidirlər. Bəlkə də bu həmin işçilərin əvvəllər öyrəşmədiyi bir mühit olduğuna görə şəffaflığı təmin etmək ilk baxışda çətin görünəcək. Eyni zamanda işçi başa düşməlidir ki, məqsədlər, hədəflər və strategiyalar nədən ibarətdir və bu prosesdə onun rolu nədən ibarətdir.

Göründüyü kimi, rəqəmsal təşkilat daim yeniliklər gözləntisinə hazır olacaq vəziyyətdə qurulmalıdır. Bu rəqəmsallaşma hədəfi olan istənilən maliyyə təşkilatı üçün ən effektiv yoldur. Çünki yalnız bu halda proseslərin, məhsulların və yanaşmaların daim yenilənməsi tələb olunur. Rəqəmsal müştəri ehtiyaclarını ödəmək üçün isə başqa çıxış yolu yoxdur. İstənilən əməkdaş hər an dəyişikliyi qəbul etməyə hazır olmalı və bu dəyişikliyin onun işini necə dəyişəcəyi haqda bilikli olmalıdır. Bu, rəqəmsal strukturun ən vacib tələbidir.

Bir halı düşünün ki, ən yaxşı hazırlanmış strategiya və ən müasir texnologiyalar belə ətrafda baş verən hadisələrə çevik reaksiya vermək istəməyən daxili mədəniyyətlə bacara bilməyəcək. Bir sözlə, rəqəmsallaşma ilk növbədə rəqəmsal mədəniyyət tələb edir. Yəni hər sahədə olduğu kimi burada da hər şey düşüncə tərzindən  və mədəniyyətdən başlayır.

Müəllif
İlqar Hüseynov
DİGƏR YAZILARI

Son xəbərlər
Digər xəbərlər