Rəqəmsal ödənişlərdə məhdudiyyətlərin aradan qaldırılmasına dövlət qurumları cəlb olunacaq

Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Ödəniş sistemləri və rəqəmsal bankçılıq” və “Komplayns” ekspert qrupları tərəfindən hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən aparılan rəqəmsal ödənişlərdə tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılması üçün aidiyyəti dövlət qurumlarına müraciət edilməsi razılaşdırılıb.

Assosiasiyadan verilən məlumata görə, hər iki qrup bu istiqamətdə fəaliyyətlərini birgə koordinasiya edəcək.

Bu gün qruplarının nümayəndələrinin təşkil etdiyi birgə onlayn görüş zamanı hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən aparılan rəqəmsal ödənişlər, korporativ kartların tətbiqi ilə həyata keçirilən əməliyyatlar, “Azərbaycan Respublikasının “Nağdsız hesbalaşmalar haqqında Qanun”un tətbiqi və bununla bağlı yaranan problemlər müzakirə edilib.