Xəbərdarlıq edildiyi vaxtdan 8 saat ərzində yayılması qanunla qadağan edilən informasiya internet informasiya ehtiyatından götürülmədikdə və ya internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə müraciət məhdudlaşdırılmadıqda, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi informasiyanın internet informasiya ehtiyatından götürülməsi və ya internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə müraciətin məhdudlaşdırılması barədə ərizə ilə rayon (şəhər) məhkəməsinə müraciət edəcək.
Bu, Prezident İlham Əliyevin bu gün tətbiqi barədə fərman imzaladığı “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunda əksini tapıb.
Eyni zamanda, ‘Yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi informasiya ehtiyatlarının Siyahısı”na internet informasiya ehtiyatlarının müvafiq hissəsi (bir və ya bir neçə veb səhifəsi) də daxil ediləcək. Beləliklə, siyahının adı dəyişərək “Yayılması qanunla qadağan edilən informasiyanın yerləşdirildiyi informasiya ehtiyatlarının və ya onun müvafiq hissəsinin (bir və ya bir neçə veb səhifəsinin) Siyahısı” olub. Bununla əlaqədar qanunun 13-3.8-ci maddəsi yeni redaksiyada verilib. İndiyə qədər qüvvədə olmuş qanuna əsasən, İnternet informasiya ehtiyatının sahibi məlumatın götürülməsini təmin etmədikdə və informasiyanın internet informasiya ehtiyatında yayılmasının qadağan edilməsi ilə əlaqədar qüvvəyə minmiş məhkəmə qərarı mövcud olduqda, müvafiq icra hakimiyyəti orqanı həmin informasiya ehtiyatını şəxsin müraciəti əsasında “Yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi informasiya ehtiyatlarının Siyahısı”na daxil edir. Dəyişikliyə əsasən, internet informasiya ehtiyatının sahibi məlumatın götürülməsini təmin etmədikdə və informasiyanın İnternet informasiya ehtiyatında və ya onun müvafiq hissəsində (bir və ya bir neçə veb səhifəsində) yayılmasının qanunla qadağan edilməsi ilə əlaqədar qüvvəyə minmiş məhkəmə qərarı olduqda, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həmin informasiya ehtiyatını və ya onun müvafiq hissəsini (bir və ya bir neçə veb səhifəsini) şəxsin müraciəti əsasında “Yayılması qanunla qadağan edilən informasiyanın yerləşdirildiyi informasiya ehtiyatlarının və ya onun müvafiq hissəsinin (bir və ya bir neçə veb səhifəsinin) Siyahısı”na daxil edəcək.
Hazırda internet informasiya ehtiyatı “Yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi informasiya ehtiyatlarının Siyahısı”na daxil edildikdən dərhal sonra host provayder və internet provayderlər internet informasiya ehtiyatına müraciəti məhdudlaşdırmalı və bu barədə internet informasiya ehtiyatının sahibinə məlumat verməlidir. Qanuna əsasən, internet informasiya ehtiyatı “Yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi informasiya ehtiyatlarının və ya onun müvafiq hissəsinin (bir və ya bir neçə veb səhifəsinin) Siyahısı”na daxil edildikdən dərhal sonra host provayder və internet provayderlər internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə (bir və ya bir neçə veb səhifəsinə) müraciəti məhdudlaşdırmalı və bu barədə internet informasiya ehtiyatının sahibinə məlumat verməlidirlər.