Rəqəmsal maliyyəyə keçidin sürətləndirilməsi Britaniya iqtisadiyyatına $44 mlrd. qazandıra bilər

Rəqəmsal maliyyəyə keçidin və tokenləşmənin sürətləndirilməsi növbəti on il ərzində Böyük Britaniya iqtisadiyyatına əlavə 33 milyard funt sterlinq (44 milyard dollardan çox) gəlir, dövlət büdcəsinə isə 14 milyard funt sterlinq (18,7 milyard dollar) həcmində əlavə vergi daxilolmaları gətirə bilər. Bu barədə Financial Times qəzeti Barclays bankı və PwC (PricewaterhouseCoopers) şirkətinin hesablamalarına istinadən məlumat yayıb.

Böyük Britaniyanın Maliyyə Nazirliyinin Topdansatış Rəqəmsal Bazarlar üzrə İşçi Qrupunun rəhbəri Kris Vullard bildirib ki, ölkə blokçeyn əsasında dövlət istiqrazlarının buraxılması və onların girov kimi istifadə imkanlarının təsdiqlənməsi kimi istiqamətlərdə işi davam etdirsə, bundan “böyük fayda” əldə edəcək.

“Bu, Böyük Britaniyanın yeni nəsil maliyyə bazarlarında mühüm rol oynamaq hüququndan gedir”, – deyə Vullard Financial Times-a bildirib.

Ekspertlərin qiymətləndirməsinə görə, səhmlər, istiqrazlar və daşınmaz əmlak kimi real aktivlərin paylanmış reyestr texnologiyası əsasında tokenləşdirildiyi qlobal bazarın həcmi 2035-ci ilədək 88 trilyon dollara çata bilər.

Topdansatış Rəqəmsal Bazarlar üzrə İşçi Qrupunun hesabatında qeyd olunur ki, tokenləşdirilmiş bazarlar Böyük Britaniya üçün əməliyyat səmərəliliyinin artırılması, innovasiyaların təşviqi, investisiyalar üçün kapitalın sərbəst buraxılması və ölkənin beynəlxalq maliyyə bazarlarındakı mövqeyinin möhkəmləndirilməsi baxımından əhəmiyyətli imkanlar yaradır.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər