8 C
Baku
Saturday, January 18, 2025

“Rəqəmsal tətillər” nədir və nəyə görə mütləqdir?

Demək olar ki, heç vaxt interneti söndürmürsünüz, smartfon davamlı olaraq mesaj və zəng qəbul edir, planşet daim wi-fi axtarışındadır? Kitab oxumağa isə vaxt yoxdur, çünki artıq müxtəlif blogları oxuyursunuz? Əgər bütün bu suallara cavabınız “bəli”-dirsə “rəqəmsal tətil” haqqında düşünməyin tam zamanıdır. Bəs bu “rəqəmsal tətil” nədir və bu bizə nəyə görə lazımdır?

Özünüzə “Rəqəmsal tətil” yaratmaqla, yəni internetdən, smartfondan müəyyən müddətlik uzaqlaşmaqla xarici məlumat kütləsinə deyil, daxili düşüncə və hislərinizə diqqət yönəldəcəksiniz.

Bu zaman hər hansı kənar şəxslərin sosial şəbəkələrdə və yaxud müxtəlif saytlarda yayımlanan ideyalarını deyil, öz şəxsi ideyalarını yaradacaq və onların reallaşdırılması istiqamətində addımlar atacaqsınız.

Nəhayət ki, kitab oxumağa, uzun müddətdir təxirə saldığınız maraqlı filmin nümayişinə və sizə yaxın insanlarla canlı ünsiyyətə zaman tapmış olacaqsınız.

Bəs bu tətilləri necə təşkil etmək lazmımdır? İlk olaraq internetə çıxışı olan bütün avadanlıqları söndürərək, 100%-lik əminliklə bu avadanlıqlar olmadan keçinə biləcəyiniz 1 gün təyin edin. Bu günün həftə sonuna təsadüf etməsi məsləhət görülür. Yox əgər, əgər freelancer olaraq çalışırsınızsa və yaxud tələbəsinizsə prinsipcə həftənin istənilən gününü seçə bilərsiniz.

Beləliklə, seçdiyiniz həmin gün evdə telefon, internet, planşet və s. bu kimi cihazları söndürürsünüz və özünüzü internet adlı “epidemiyanın” mövcud olmadığı həyat tərzinə kökləyirsiniz. Bu zaman kitab oxuyur, dostlarınız ilə canlı ünsiyyət qurursunuz. Zamanında yatırsınız. Ətraf dünyanı müşahidə edirsiniz. Bəzən isə heç nə etmədən sakitçilikdən zövq alırsınız.

Bəs bu “rəqəmsal tətillər” nə üçün vacibdir?

Daimi informasiya axını diqqəti yayındırır, diqqət toplama səviyyəsini endirir və bir çox hallarda heç bir faydalı nəticəyə sahib olmur. Belə ki, sosial şəbəkələrdən, müxtəlif saytlardan mütəmadi olaraq qəbul etdiyimiz informasiyalar son nəticədə insanda informasiya ilə həddindən artıq yüklənməyə gətirib çıxarır ki, bu cəhət insanın işgüzar fəaliyyəti ilə yanaşı sağlamlğına da bir sıra zərərlər yetirir.

İnformasiya ilə həddindən artıq yüklənən insanlar daim narahatlıq və həyəcan içərisində olur. Belə ki, beyin bu yüklənmə zamanı dinc vəziyyətə keçmir və daim yeni məlumat qəbul etmək üçün “həyəcanlı” vəziyyətdə dayanır. Bu isə insanlarda halsızlıq, narahatlıq və hətta başgicəllənmə kimi təsirlər yarada bilər.

İnformasiya ilə həddindən artıq yüklənmə  – orqanizmin elə halıdır ki, bu zaman daxil olan stimullar orqanizmin onu qəbul və emal etmək bacarığını qat-qat üstələyir.  Sadə dillə desək, məlumat çox, beyin isə 1 dənədir. Bundan əlavə, qəbul edilən informasiyanın vaciblik dərəcəsi də bu yüklənmə də mühüm rol oynayır. Qəbul etdiyimiz informasiya mənfi yüklü və aqressiv olarsa bu məlumatı emal etmək şanslarımız artır.

İnsan orqanizminin informasiya ilə həddindən artıq yüklənməsi bir çox əlamətlərlə özünü biruzə verir:

Düşüncənin məhsuldarlıq dərəcəsi enir. Daha doğrusu insan qarşısına qoyduğu tapşırıqları effektiv həll etmə bacarığını itirir. Bu zaman əvvəllər həll edilən ən kiçik məsələni belə həll etmək “aşılmaz dağ” təsiri bağışlayır.

Diqqəti toplamaq çətinləşir. Beyində xaos, çaxnaşma və fikir axını yaşanır ki, bunun da qarşınısı almaq mümkün olmur. Beyin elə hey işləsə də, heç cür aydınlıq əldə olunmur.

Ürəkbulanma. Orqanizm bu həcmdə informasiyanı qəbul edə bilmədiyini bildirmək üçün bacardığı hər bir üsulla həyəcan təbili çalmağa başlayır. Bu yüklənmənin əks təsirləri kimi, baş gicəllənməsi, çənə əzələlərində gərginlik, boyunda ağrı, yuxu və iştahın pozulması da çıxış edir.

Həyəcan və narahatlıq. İnformasiya ilə yüklənmə orqanizmə sakitləşməyə imkan vermir və birdən hansısa yeni informasiyanı qəbul etmək lazım olar deyə daim döyüşə hazır vəziyyətdə saxlayır.

Yaddaşın pisləşməsi. Heç kimə sirr deyil ki, yadda saxlama prosesi müəyyən zaman tələb edir: məlumatı qəbul etmə, onu uzun müddətli yaddaşda yadda saxlama, daha sonra isə həmin resursdan istifadə etmək. Qəbul edilən informasiyanın daimi axını isə bütün bu əməliyyatları yerinə yetirməyə imkan vermir.

Müntəzəm olaraq təyin edilən rəqəmsal tətillər uuzn müddətdir təxirə saldığınız işlərlər məşğul olmaq üçün ideal şans yaradır. Unutmayın ki, gadgetlər olmadan da yaşaya və gündəlik bir çox məsələlərinizi həll edə bilərsiniz. Bu sadəcə bir cihazdır və ona zamanınızı israf etməsinə icazə verməyin.

Son xəbərlər
Digər xəbərlər