2017-ci ilin yanvar-oktyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 13,7%, o cümlədən ərzaq məhsullarının qiymətləri 17,6%, qeyri-ərzaq mallarının qiymətləri 12,4%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,6 faiz bahalaşmışdır.
Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi istehlak bazarında qiymətlərin dəyişməsi dair hesabatında deyilir.
Cari ilin oktyabr ayında sentyabr ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 1,1%, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,3%, qeyri-ərzaq mallarının qiymətləri 0,3%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,2% bahalaşmışdır.
Ay ərzində toyuq və sümüksüz mal ətinin, kolbasa məmulatlarının, balıq məhsullarının, süd məhsulları, pendir və yumurtanın, kərə, zeytun və günəbaxan yağlarının, bananın, armudun, üzümün, göyərtinin, pomidorun, xiyarın, bibərin, badımcanın, lobyanın, kökün, sarımsağın, soğanın, kartofun, qəhvə, çay və kakaonun qiymətlərində bahalaşma, düyünün, unun, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, sümüklü mal ətinin, portağalın, naringinin, almanın, heyvanın, narın, xurmanın, kivinin, qozun, fındığın, şabalıdın, şəkər və şəkər tozunun qiymətlərində isə ucuzlaşma müşahidə olunmuşdur. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
Oktyabr ayında sentyabr ayı ilə müqayisədə qeyri-ərzaq mallarından parçaların, geyim və ayaqqabıların, inşaat materiallarının, mebel və ev əşyalarının, xalça və digər döşəmə örtüklərinin, kiçik elektrik cihazlarının, minik avtomobillərinin, telefon aparatlarının, dəftərxana ləvazimatlarının qiymətlərində bahalaşma, paltaryuyan maşınların və fotoaparatların qiymətlərində isə ucuzlaşma müşahidə olunmuşdur. Digər qeyri-ərzaq mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
Oktyabr ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilən ödənişli xidmətlərdən MDB ölkələrinə dəmiryol və hava nəqliyyatı ilə sərnişindaşıma xidmətlərinin qiymətlərində ucuzlaşma, digər ölkələrə hava nəqliyyatı ilə sərnişindaşıma xidmətinin, paltarların təmizlənməsi, təmiri və kirayəsi xidmətinin, mənzillərin icarə haqqının, stomatoloji xidmətlərin, bərbərxana və kosmetik xidmətlərin qiymətlərində isə bahalaşma müşahidə olunmuşdur. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.