14 C
Baku
Saturday, November 23, 2024

Rəşt-Astara dəmiryolunun tikilməsi ilə Şimal-Cənub dəhlizi aktivləşəcək – İranlı nazir

İranın şimalında yerləşən Gilan vilayətində təxminən 165 km uzunluğunda Rəşt-Astara dəmiryolunun tikilməsi ilə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi aktivləşəcək.

Bunu İranın yol və şəhərsalma naziri Rüstəm Qasemi deyib.

R.Qaseminin sözlərinə görə, bu dəmiryolunun tikilməsi ilə İranın dəmiryolu Azərbaycanın dəmiryoluna birləşəcək.

“İranın məqsədi Qafqaza, Rusiyaya və Avropa ölkələrinə birləşməkdir. Bunun üçün də Rəşt-Astara dəmiryolunun tikilməsi diqqət mərkəzindədir. İran prezidentinin Rusiyaya səfəri çərçivəsində bu dəmiryolunun tikintisi haqda müzakirələr aparılıb. Tezliklə vəsaitin ayrılması ilə tikintinin başlanacağı gözlənilir”, – deyə o bildirib.

Qeyd edək ki, 2000-ci il 12 sentyabr tarixində Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası Saziş əsasında “Şimal-Cənub” nəqliyyat dəhlizinin təməli qoyulub. Ümumilikdə bir sıra ölkələr sözügedən Sazişi ratifikasiya edib. (Azərbaycan Respublikası, Belarus Respublikası, Bolqarıstan Respublikası, Hindistan, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası, Oman Sultanlığı, Rusiya Federasiyası, Tacikistan Respublikası, Türkiyə Respublikası, Ukrayna). Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır (hazırkı marşrut üzrə çatdırılma vaxtı 6 həftədən artıqdır, “Şimal-Cənub” vasitəsilə 3 həftə olması gözlənilir).

Dəhliz çərçivəsində Azərbaycan dəmir yollarının İran dəmir yolları şəbəkəsi ilə birləşdirilməsi üçün 6 mart 2019-cu il tarixində Qəzvin – Rəşt (175 km) dəmiryolu istifadəyə verilib. İran ərazisində Rəşt – Astara (167 km) dəmir yolu tikilməlidir. Bu dəmiryolunun tikintisinə 2 milyard dollar vəsaitin xərclənməsi planlaşdırılır.

 

 

Son xəbərlər
Digər xəbərlər